• SİYASƏT

    15:20 28 mart 2019

Deputatlar: "İlham Əliyev bir daha sübut etdi ki, hər bir azərbaycanlının prezidentidir" - SORĞU

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı Prezidentin rəhbərliyi ilə keçirilən müşavirə belə deməyə əsas verir ki, bu hadisə ilk gündən ölkə başçısının nəzarətində olub”.

Bunu ONA-ya açıqlamasında Prezident İlham Əliyevin “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı operativ müşavirə keçirməsi və sahibkarlara maliyyə yardımı ayrılması barədə tapşırığına münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə söyləyib.

Ç.Qənizadə deyib ki, bunu Nizami rayonunda sahibkarlarla keçirilən görüşdə Prezident Administrasiyanın nümayəndəsi və icra başçısı Arif Qasımov da qeyd edib: “Prezidentin bugünkü müşavirədə atdığı addımların dünyada analoqu yoxdur. Mən dünyada elə bir dövlət başçısı tanımıram ki, dövlətin məsuliyyət daşımadığı bir halda insanlara dəymiş zərərin bu cür operativ şəkildə ödənilməsinə görə hər hansı bir tapşırıq versin və dərhal icrasına başlanılsın”.

Deputat nəzərə çatdırıb ki, bugünkü müşavirədə dövlət başçısı İqtisadiyyat və Maliyyə nazirliklərinə sahibkarlara dəymiş zərərin ödənilməsi və yanğının səbəblərinin təcili araşdırılması üçün Komissiyanın yaradılması istiqamətində tapşırıqlar verib: “Bu, bir daha onu göstərir ki, Prezident hər bir Azərbaycan vətəndaşının və sahibkarların yanındadır. Ölkə başçısının bu addımı olduqca bir humanist addımdır. Hesab edirəm ki, dövlət tərəfindən vətəndaşlara verilən kompensasiyalar ödənildikdən sonra dövlət eyni zamanda çəkmiş olduğu xərci “Diqlas” Ticarət Mərkəzinin sahibinə yönəldəcək, ödənilən vəsaitin dövlətə qaytarılması üçün sahibkar qarşısında iddia qaldıracaq. Amma bu gün hər bir kəsi maraqlandıran, hətta hüquqda və qanunda nəzərdə tutulmasa da, ölkə başçısı Konstitusiya ilə ona verilmiş səlahiyyətlərindən istifadə edərək bu kompensasiyanın ödənilməsini dövlətin üzərinə götürdü. Biz bu gün sahibkarlara kompensasiyanın verilməsi ilə bağlı ölkə başçısının tapşırığının şahidi olduq. Sığortalanmayan alış-verişin predmeti olan əşyaların yanması, insanların iş yerlərini itirməsi ilə bağlı dövlət başçısı tərəfindən belə bir humanist addımın atılması alqışa layiqdir”.

Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin atdığı son addım bir daha bütün hallarda dövlət başçısının öz vətəndaşlarının yanında olmasının bariz göstəricisidir: “Bu, bir daha sübut etdi ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir. Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər həyata keçirilib. Bu işlər sistemli və ardıcıl xarakter daşıyır. Amma bəzən fövqəladə halların baş verməsi nəticəsində yaranan problemlərin operativ həlli də daim Prezidentin diqqət mərkəzində olur. Bir müddət Şamaxı, İsmayıllı və Ağsuda baş verən zəlzələ, yəni fövqəladə hal zamanı da zərərçəkənlərin yanında Azərbaycan Prezidentini gördük. İndi də ticarət mərkəzində yanğın baş verib və xeyli sayda sahibkar ziyan çəkib. Yenə də Prezident öz vətəndaşının yanındadır”.

Deputat bildirib ki, belə bir nümunəyə çox az ölkədə rast gəlmək, yaxud heç rast gəlməmək olar: “Bu addım həm böyük humanizmdir, həm vətəndaşların yanında olmaqdadır, həm onların problemlərini həll etmək, həm də əslində sahibkarlığa dəstək verməkdir. Ticarət mərkəzində çoxsaylı sahibkara məxsus mallar yanıb. Əslində normal vəziyyətdə sığorta şirkətlərinin atacağı addımlar atılacaq. Prezidentin birbaşa bu məsələyə müdaxilə etməsi bir daha həm böyük humanizm, həm də vətəndaşların yanında olmaq nümunəsidir. Bu, xalq-iqtidar birliyinin ən gözəl, ən bariz nümunələrindən biridir”.

Deputat Tahir Mirkişili isə qeyd edib ki, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənməsi ilə bağlı verilən tapşırıq dövlət başçısı cənab İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır: “Dünyada heç bir ölkədə bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənmir. Bu hadisədən dərs götürüləsi məsələlər çoxdur. Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3% i həcmindədir. Yəni, bir maqazində 50 000 manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər. Ciddi iqtisadi maarıflənməyə ehtiyac var”.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR