“Keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni, ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilib”.
ONA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev məcburi köçkünlər üçün Kürdəxanıda salınmış yeni qəsəbənin açılışında bildirib.
Prezident seçkilərdən sonra ciddi islahatlara start verildiyini və bu islahatların çoxşaxəli olduğunu qeyd edib: “Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin. Biz bütün dövrlərdə, hətta böhranlı illərdə də sosial məsələlərə böyük diqqət göstərmişik. 2015-2016-cı illərdə dünyada baş vermiş iqtisadi böhran bütün ölkələrə, o cümlədən də bizə təsir etmişdi. Təsəvvür edin, bizim gəlirlərimiz 3-4 dəfə azaldı. Yəni, faizlərlə ölçülmürdü, dəfələrlə ölçülürdü. Bu, hər bir ölkə üçün böyük imtahandır, böyük sınaqdır. Əlbəttə ki, görülən operativ tədbirlər nəticəsində biz o böhranın fəsadlarını minimum səviyyəyə endirə bildik və ondan sonra ciddi addımlar ataraq iqtisadi sabitliyi qoruya bildik, inkişaf templərinə qədəm qoyduq”.
Prezident bəyan edib ki, bu ilin ilk iki ayının yekunları çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksək, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıb: “Əhalinin gəlirləri artır, inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən aşağıdır, istehlak qiymətlərinə çox ciddi nəzarət edilir. Yəni, demək istəyirəm ki, iqtisadi və sosial islahatların yeni mərhələsinin startı prezident seçkilərindən sonra verilib və bu gün biz bunun nəticəsini görürük. Aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdləri - bütün bunlar bunun hesabına mümkün olub. Bizim iqtisadi vəziyyətimiz imkan verir ki, bu islahatları aparaq. İslahatlar bütün sahələri əhatə edir. Bir daha demək istəyirəm ki, biz inkişafın yeni mərhələsinə qədəm qoyduq”.