“Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır”.
ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
Prezident Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatının fəal üzvü olduğunu qeyd edib: “Bizim Avropa İttifaqı ilə yaxın münasibətlərimiz var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Qeyd etdiyim kimi, “Bakı Prosesi” Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulması baxımından bizim töhfəmizdir. Yəni, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bizim xarici siyasətimiz bizə əhəmiyyətli beynəlxalq nəqliyyat layihələrini reallaşdırmağa imkan yaradır. Müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünsüz olardı. Son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə söykənib. Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyata keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanmağa imkan yaradır”.
Prezident İlham Əliyev vurğulayıb ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub: “Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu “Doing Business” hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur”.