Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.
APA-nın məlumatına görə, bu istiqamətdə atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün guşələrindən dövlət başçısına çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
APA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Bakı şəhəri, Sabunçu rayonunun sakini, şair-jurnalist Rauf Alagezov ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün göstərdiyi səylərə görə özünün və ailəsinin, həmçinin on minlərlə oxucusunun adından dövlətimizin başçısına təşəkkür edərək yazır: “Hörmətli cənab Prezident, bir yaradıcı şəxs, Prezident təqaüdçüsü, şair-jurnalist olaraq Sizin gördüyünüz işləri diqqətlə izləyir, buna görə Sizə minnətdarlığımı bildirirəm. Hər zaman Sizin xidmətinizdəyəm. Daim var olun, cənab Prezident!”.
Qazax rayon sakini Akif Əmirov yazır ki, dövlətimizin başçısı Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində çox böyük işlər görür və bu işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. “Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyədir ki, biz qazaxlılar bu sahənin inkişafı istiqamətində gördüyünüz işlərin real şahidi olduq. Martım 3-də Sizin iştirakınızla Qazax Rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayılıq 10 korpusdan ibarət yeni xəstəxana binasının istifadəyə verilməsi bölgələrimizdə səhiyyəyə olan qayğınızın bariz nümunəsidir. Bu gün düşmənlə 168 kilometr sərhədi olan Qazaxda belə yüksək səviyyəli xəstəxananın inşa olunması dövlətimiz tərəfindən səhiyyə işçilərinə göstərilən qayğı ilə yanaşı, həm də biz sakinlərə olan diqqət deməkdir. Bakıdan 500 kilometr məsafədə yerləşən Qazaxda müasir standartlara cavab verən xəstəxananın olması bir daha göstərir ki, dövlətimiz nəinki paytaxtda, eləcə də bölgələrimizdə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində mühüm addımlar atır.
Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayıram”, - deyə o qeyd edir.
Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Ağayev yazır: “Möhtərəm cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işlərin miqyası nə qədər böyük olsa da, əhəmiyyəti illər sonra daha da artacaq. Buna görə xalq Sizi sevir, dəstəkləyir.
Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun”.
Sumqayıt şəhər sakini Əli Teymurov koronavirusun dünyada geniş yayıldığı bir vaxtda xaricdə təhsil alan tələbələrimizə də diqqət və qayğı ilə yanaşdığına görə dövlətimizin başçısına minnətdarlıq edir. O yazır: “Hörmətli cənab Prezident, ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən orada oxuyan tələbələrimizə, o cümlədən İstanbul Texniki Universitetində təhsil alan oğluma göstərilən diqqət və qayğıya görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Cənab Prezident, koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz.
Əziz Prezidentimiz, bir daha Sizə minnətdarlığımızı bildirir, cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi və ailənizi qorusun”.
Sumqayıtın daha bir sakini Azər Rəşidov dövlətimizin başçısının vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmizin koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə apardığını vurğulayaraq yazır: “Hörmətli cənab Prezident, tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.
Əziz Prezidentimiz, qədirbilən Azərbaycan xalqı Sizin işlərinizin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir. Hər bir gözəl işinizə görə çox sağ olun!”.
Salyan rayonunun Şorsulu kəndinin sakini Daşqın Cəbiyev daim xalqımızı düşündüyünə və hər bir vətəndaşın qayğısına qaldığına görə Prezident İlham Əliyevə gənclər adından minnətdarlıq edir. O yazır: “Möhtərəm cənab Prezident, mən bir gənc olaraq çox sevinirəm ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Sizin xalqa göstərdiyiniz diqqət və qayğı biz vətəndaşların daha yaxşı yaşamasına, rifahımızın yüksəlməsinə xidmət edir. Hazırda dünyada, eləcə də ölkəmizdə yayılmış koronovirus pandemiyasının qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görürsünüz.
Cənab Prezident, insanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Hər bir işiniz xalq tərəfindən dəstəklənir. Gördüyünüz bütün bu işlərə görə, cənab Prezident, Sizə Salyan gəncləri adından dərin minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə daim uğurlar arzulayırıq”.
Bakı şəhəri, Binəqədi rayonunun sakini Nuridə Muradova yazır: “Hörmətli cənab Prezident, Sizin ölkəmiz, xalqımız üçün gördüyünüz işlər hamıya bəllidir. Bu günlərdəki fədakarlığınız da göz önündədir və xüsusi qeyd olunmalıdır. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Qürur duyur, fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Çox sağ olun. Allah Sizi qorusun!”.
Gəncə şəhər sakini İlqar Əliyev Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayır. O yazır: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq”.
Bakı şəhəri, Yasamal rayonunun sakini Samir İsmayılov koronavirus epidemiyası ilə mübarizədə xalqımıza göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Mən bir vətəndaş kimi Sizin gördüyünüz işlərə könüllü olaraq dəstək verməyə hazıram. Allah Sizi və ailənizi qorusun!”.
Prezident İlham Əliyevə minnətdarlıq məktubları yazanlar arasında Azərbaycan vətəndaşı olmayan, lakin ölkəmizdə yaşayan şəxslər də var. Onlardan biri də Bakıda yaşayan Oksana Uzbaşovadır. O yazır: “Möhtərəm cənab Prezident, xalqınızı qoruduğunuza, koronavirusa operativ reaksiya verdiyinizə görə Sizə minnətdarlıq etmək istəyirəm. Allah Sizə cansağlığı versin. Çox əfsuslar olsun ki, mən Azərbaycan vətəndaşı deyiləm. Lakin Bakıda yaşadığım üçün özümü təhlükəsizlikdə hiss edirəm və bu, Sizin sayənizdədir. Buna görə şəxsən öz adımdan və ailəm adımdan Sizə minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan vətəndaşı ilə ailə qurmuşam və artıq 5 ildir ki, ölkənizdə yaşayıram. Çox sevinirəm ki, qız övladım müstəqil Azərbaycanda sabit, firavan mühitdə böyüyür. Ailəmiz adından Sizə və ailə üzvlərinizə bir daha təşəkkür edirəm”.