Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
ONA məktublardan bir neçəsini təqdim edir:
Ağabəy Azərbaycani və Krista Azərbaycanidən, Düsseldorf, Almaniya
“Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım.
Azərbaycan tarixində Vətən uğrunda Günəş kimi işıq saçan müqəddəslər var. Bu cəngavər siyasət sərkərdələrindən öndə gedəni ulu öndər Heydər Əliyev olub.
Ümummilli lider Heydər Əliyev həqiqətən ötən yüzilliyin ən görkəmli siyasi xadimlərindən sayılır. O, XX əsrin ən çətin və dəhşətli hadisələrinin iştirakçısı kimi müharibə dövründə dünyadakı siyasi vəziyyəti düzgün qiymətləndirməyə qadir olub. Heydər Əliyev XX əsr tarixinə Azərbaycan xalqının Ulu Öndəri, dünyamiqyaslı dövlət xadimi kimi daxil olub.
Azərbaycan xalqı yaxşı bilir ki, Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyev məktəbinin ən parlaq, dönməz, yenilməz, mübariz yetirməsidir, dövlətin və millətin həqiqətən Ümumxalq Lideridir.
Şəxsən Sizin rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilib, ölkənin inkişafında bütün istiqamətlər üzrə müzəffər yüksəliş əldə olunub.
Azərbaycan xalqının erməni faşizminə şərəflə qalib gəlməsi Ali Baş Komandan kimi şəxsən Sizin və Sizin göstərişlərinizi namus və qeyrətlə icra edən rəşadətli Milli Ordumuzun, Vətən mücahidləri - müqəddəs şəhidlərimizin sonsuz Vətən eşqi, bütövlükdə yumruq kimi birləşən Azərbaycan xalqının səbri, dözümü və ləyaqətinin göstəricisidir. Tarix boyu erməni vətənsiz olub, çünki erməninin öz torpağı olmayıb. Öz torpağı olmayanın doğma yurdu ola bilməz.
Azərbaycan xalqı Qalibiyyət rəmzidir, çünki dövlətimiz də var, Vətənimiz də!
Azərbaycan Bayrağı azadlıq və müstəqillik rəmzidir. Çox şükür ki, millətimizin İlham Heydər oğlu Əliyev kimi yenilməz Lideri var!
Cənab Prezident, Sizi və Mehriban xanımı möhtəşəm Qələbə münasibətilə təbrik edirik. Mübarək olsun”.
Pərvin Mustafayevdən, Bakı, Azərbaycan
“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizə nə qədər xoş sözlər yazsaq, azdır. Xalqa bəxş etdiyiniz bu bayram dolu günlər heç vaxt unudulmayacaq.
Bu günlərin mütləq gələcəyinə inanırdıq. Çünki, Sizin xalqa verdiyiniz bütün vədlər yerinə yetib. Mən də inanırdım ki, mənim Prezidentim uca Allahın izni ilə xalqımızın 30 illik həsrətinə son qoyacaq, istəyimizə qovuşduracaq.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Var olun! Həmişə üzünüz gülsün, Müzəffər Ali Baş Komandan!”
İlkin Bağırovdan, Gəncə, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsi münasibətilə öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Sağ olun ki, əbədiyaşar Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Torpaqlarımız uğrunda şəhid olan hər bir Azərbaycan övladına Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.
Fidan Qarayevadan, Gədəbəy, Azərbaycan
“Müzəffər Ali Baş Komandan.
Azərbaycan xalqına bəxş etdiyiniz tarixi Qələbəyə görə Sizə öz minnətdarlığımızı bildiririk. Biz çox xoşbəxt insanlarıq ki, Sizin kimi müdrik, səmimi, xalqına dəyər verən, milləti üçün yaşayan Prezidentimiz var. Siz hər zaman bizim qayğımıza qalmısınız, xalqın yanında olmusunuz. Biz də hər zaman Sizinləyik, cənab Prezident.
Allah Sizi və Azərbaycan xalqını qorusun!
Yaşasın güclü Azərbaycan!”
Seyidxanım Nuriyevadan, Biləsuvar, Azərbaycan
“Hörmətli cənab Prezident.
Oğlum Babayev Nihad Akif oğlu 2020-ci il oktyabrın 29-da Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.
Cənab Prezident, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi oğlumun və bütün ailəmizin ən böyük arzusudur. Bir şəhid anası olaraq oğlum kimi mən özüm də Azərbaycan Respublikasının vətəndaşı kimi əlimə silah alıb Vətən torpaqlarının azadlığı uğrunda döyüşməyə hər an hazıram. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda tutduğunuz bu haqq yolunda, apardığınız şərəfli mübarizədə Sizə uğur diləyir və bir şəhid anası olaraq bütün şəhid anaları adından Sizə dərin təşəkkürümü bildirməkdən qürur duyuram. Allah Sizi qorusun!”
Akif Kərimovdan, Kəlbəcər, Azərbaycan
“Müzəffər Ali Baş Komandan.
Mən çox istərdim bu torpaqların alınması uğrunda döyüşlərdə iştirak edim, lakin səfərbərlikdə qeydiyyatdan keçsəm də bu mənə qismət olmadı.
Möhtərəm cənab Prezident, Siz başda olmaqla bütün xalqımızı Qələbə münasibətilə təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah balalarınızı gözünüzə çıraq eləsin.
Zəfərimiz mübarək olsun!”
Zibəndə Qəhrəmanovadan, Füzuli, Azərbaycan
“Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.
Mən bir vətəndaş və müəllim kimi 27 illik həsrətə son qoyaraq işğaldakı torpaqlarımızı, o cümlədən doğulduğum Ağdam rayonunu azad etdiyinizə görə Sizə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Təbii ki, Sizə olan minnətdarlıq hisslərimi bu kiçik mətndə tam şəkildə ifadə edə bilmirəm. Özümü dünyanın ən xoşbəxt insanı sanıram, çünki işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsini görə bildim. Bu xoşbəxtliyi bizə Sizin dəmir iradəniz və komandanlığınız altında müzəffər Ordumuz nəsib etdi. Müəllim kimi daha çox sevinirəm ki, dünən dərs dediyim və bəzən də şagird davranışlarından narazı qaldığım balalarım Vətən müharibəsində öz çılğınlıqlarını düşmənə qarşı nifrətə çevirib şücaət göstərdilər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə və xidmətini davam etdirən hərbiçilərimizə cansağlığı arzulayıram. Allah Sizi, ailənizi qorusun. Sizi dövlətimizin və xalqımızın üstündən əskik etməsin.
Cənab Prezident, bu müharibə təkcə Azərbaycan Ordusunun zəfərini nümayiş etdirmədi, eyni zamanda bu müharibədən nümunə olaraq dünya dövlətləri mövcud müdafiə-hücum sistemlərini dəyişdi və bununla köhnə hərbi taktikalara son qoyuldu.
Eşq olsun Azərbaycan xalqına və onun şanlı Ordusuna! Siz bizim əbədi Prezidentimizsiniz! Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.
Yeganə Bədəlovadan, Saatlı, Azərbaycan
“Salam cənab İlham Əliyev!
Biz Sizinlə fəxr edirik. Mən bir ana kimi, Sizə çox minnətdarlıq edirəm.
Mən səhiyyə işçisiyəm, xəstəxanada işləyirəm. Yaralanmış əsgərlə ünsiyyətim olmuşdur. Eşitdiklərimə əsasən deyə bilərəm ki, həm əsgərlərimiz, həm onların valideynləri, bütövlükdə hər kəs Sizinlə fəxr edir. Sizə canım qurban olsun.
Bizim ailə istəyir ki, Siz seçki keçirilmədən bizim daimi Prezidentimiz olasınız. Oğlum Saatlı rayon Polis Şöbəsində işləyir. O, xalqını və Vətənini hər zaman qorumağa hazırdır.
Ulu Tanrı hər zaman köməyiniz olsun!”
Mirzəkişi Cəfərovdan, Cəlilabad, Azərbaycan
“Hörmətli cənab Prezident,
Mənim 80 yaşım var. Uzun illər kolxoz və sovxozda pambıq və üzüm briqadiri işləmişəm. Dövlət planını həmişə artıqlaması ilə yerinə yetirmişəm.
Siz, Şah İsmayıl Xətaidən sonra, zəbt olunmuş torpaqlarımızı güc vasitəsilə öz sahibinə qaytaran ilk şəxsiyyətsiniz. Xətai qılınc ilə, Siz isə 5-ci nəsil silahla bu Zəfərə imza ataraq öz adınızı Azərbaycan tarixinə əbədi həkk etdirdiniz. Mən və Cəlilabad rayonunun Günəşli kəndinin 10 min sakini Sizə minnətdardır.
Cənab Prezident, biz - Günəşli kəndinin sakinləri öz vəsaitimiz hesabına həm kəndin girəcəyində, həm də çıxışında Sizin heykəlinizi qoymaq istəyirik. Biz bu heykəli həm indiki, həm də gələcək nəsillərə göstərib Sizdən ibrət götürmələrini tövsiyə edəcəyik.
Allah Sizi və xalqımızı daim var eləsin!”
Əziz Allahverdiyevdən, Bərdə, Azərbaycan
“Müzəffər Ali Baş Komandan.
Sizin, igid əsgər və zabitlərimizin sayəsində Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərimiz erməni vandallarından azad edildi. Bizə bəxş etdiyiniz bu sevincə görə Sizə çox minnətdarıq.
Yaxşı ki, Siz varsınız, yaxşı ki, qəhrəman Ordumuz var! Biz Sizinlə fəxr edirik, cənab Prezident!
Biz birlikdə güclüyük!
Yaşasın Azərbaycan!”
Mehman Əşrəflidən, İsmayıllı, Azərbaycan
“Müzəffər Ali Baş Komandan.
Xalqımızın yenilməz oğlu, Azərbaycan xalqının vuran ürəyi, insanların qəlbinin dərinliklərində özünə layiqli yer tutan yenilməz sərkərdə, xalqımıza belə bir xoş gün yaşatdığınıza görə Sizə ömür boyu minnətdarıq. Azərbaycan xalqının dünya xalqları arasında yenilməz bir xalq olduğunu Siz dünyaya sübut etdiniz. Biz laçınlılar Sizin uzaqgörən siyasətiniz nəticəsində, doğma torpaqlarımıza Laçınımıza, Qarabağımıza qovuşuruq. Biz inana bilmirik ki, artıq məcburi köçkün deyilik. Bu xoş anları bizə yaşatdığınız üçün sizinlə qürur duyuruq.
Allah sizi qorusun. Biz sizinləyik.
Qarabağ Azərbaycandır!”
Səyid Vəliyevdən, Masallı, Azərbaycan
“Hörmətli cənab Prezident,
Bizə yaşatdığınız xoş günlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz ailəliklə hər zaman Sizin tutduğunuz yolu dəstəkləmişik. Siz Azərbaycan xalqının ən düzgün seçimisiniz. Biz Qələbəmizlə dünya ölkələri arasında doğma torpağını mənfur düşməndən azad etmiş başı uca xalq kimi təqdim olunuruq. Ulu öndər Heydər Əliyevin ruhu şaddır, çünki layiqli siyasi varisi onun yolunu uğurla davam etdirir.
Cənab Prezidentim, hər zaman Sizdən gözəl xəbərlər gözləyirik. Siz Azərbaycan xalqına dayaqsınız. Bizim üçün yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarıq.
Var olun, Müzəffər Ali Baş Komandan!
Allah Sizi qorusun!”
Yaqub Əsədovdan, Ağcabədi, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan, Sizi, Müzəffər Ordumuzu və xalqımızı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu Qələbə hər birimizin qələbəsidir, bütün Azərbaycan xalqının zəfəridir. Sizə və Azərbaycan Ordusuna öz təşəkkürümü bildirirəm. Allah üç balanızı Azərbaycan xalqının başının tacı etsin. Yaşasın Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan! Qarabağ bizimdir!”
Cəbrayıl Qəmbərovdan, Bakı, Azərbaycan
“Möhtərəm cənab Prezident. Sentyabrın 27-dən Dağlıq Qarabağ uğrunda gedən haqq savaşımız bizim Qələbəmizlə, tarixi Zəfərimizlə başa çatdı. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu Qələbə düşmənlə yanaşı, bütün dünya dövlətlərinə Azərbaycanın və onun şanlı Ordusunun gücünü, qüdrətini göstərdi. 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi Sizin qətiyyətiniz və igid oğullarımızın qəhrəmanlığı nəticəsində Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Bizim birliyimizin təntənəsi olan bu böyük Qələbənin əldə olunmasında Siz yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərib onların hamısını dəf etdiniz, öz prinsipial mövqeyinizdən bir an belə dönmədiniz. Biz müharibə dövründə xalq-Prezident, ordu-xalq birliyinin bir daha şahidi olduq. Möhtərəm cənab Prezident, hər birimiz Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq. Bu tarixi günü, bu qüruru bizə Siz - Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu bəxş etdi. Əldə edilən böyük Qələbəyə görə Yasamal rayon gəncləri adından Sizə sonsuz minnətdarlığımızı, inam və etimadımızı bildiririk. Tanrı Sizi qorusun!”
Qardaşxan Zeynalovdan, Bakı, Azərbaycan
“Çox hörmətli cənab Prezident.
Sizi torpaqlarımızın erməni işğalından azad olunması münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətli Prezident, apardığınız siyasət, çıxışlarınız, xarici jurnalistlərə müsahibələrinizdə bir diplomat kimi verdiyiniz cavablar bizi valeh etdi. Xalqımız Sizə inanır və Sizi dəstəkləyir. 2020-ci il noyabrın 10-da qazandığınız Qələbə ilə Azərbaycanın yeni tarixini yazdınız. Bu tarix yaddaşlardan heç zaman silinməyəcək. Siz bizim əbədi Prezidentimizsiniz, həmçinin Sizə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini istəyirik. Bu tək mənim yox, bütün xalqımızın istəyidir. Bu istəkləri nəzərə alaraq, Milli Məclisə müraciət məktubu da yazmışam.
Yaşasın Azərbaycan xalqının müzəffər Ordusu!
Yaşasın Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev!
Qarabağ Azərbaycandır!”