• SİYASƏT

    13:24 22 may 2020

Prezidentə yazırlar: "Siz xalqı dəstəklədiyiniz kimi, xalq da Sizi dəstəkləyir"

Vətəndaşlar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları göndərməyə davam edirlər.

ONA məktublardan bir neçəsini təqdim edir:

“Hörmətli cənab Prezident.

Mən Hacıqabul rayonunun əməksevər vətəndaşları adından Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürümü bildirirəm.

Siz uzaqgörən siyasətiniz nəticəsində qısa müddət ərzində uğurlu bir yol seçib həyata keçirdiniz. Dünyanı bürüyən koronavirusa qarşı mübarizədə gördüyünüz uğurlu tədbirlər sayəsində ölkəmizdə itkilər elə də böyük olmadı.

Allah Sizi qorusun. Arzu edirik ki, tezliklə şanlı bayrağımız Qarabağın hər guşəsində, Xankəndidə, Şuşada dalğalansın.

Hörmətlə,

Xıdırov Cəbrayıl, 85 yaşlı ağsaqqal.

Azərbaycan Respublikası, Hacıqabul rayonu”.

“Hörmətli cənab Prezident.

Böyük fədakarlıqla xalqımızın qayğısına qaldığınıza görə Sizə və Mehriban xanıma özümün və ailəmin adından təşəkkürümüzü bildirirəm.

Bu ağır günlərdə xalqımıza həm mənəvi, həm də maddi kömək göstərdiniz. Sizin düşünülmüş və uzaqgörən tədbirləriniz nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alındı.

Siz bir Prezident, uzaqgörən siyasi xadim kimi xalqa yaxınsınız, bizimlə birlikdəsiniz. Biz də qəlbən, ruhən Sizinləyik.

Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildirir, hər ikinizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Zeynalova Nəzakət, Qəhrəman ana.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Suluçeşmə kəndi”.

“Möhtərəm cənab Prezident.

Mən torpaqlarımızın bütövlüyün uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dünyanı cənginə alan pandemiya zamanında vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə məmnunluq hissi duyuruq. “El bir olsa, dağ oynadar yerindən” - deyiblər. Biz öz birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq.

Sizə bir daha təşəkkür edirəm.

Hörmətlə,

Piriyeva Gülüzar Tapdıq qızı, şəhid anası.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.

“Hörmətli cənab Prezident.

Siz gənclərin fəaliyyətinə böyük önəm, yüksək qiymət verirsiniz. Gənclər də Sizin fəaliyyətinizin əsas dəstəkçiləri, davamçılarınızıq. Gənclər ictimai həyatda çox fəal rol oynayır, bununla da özlərini Sizin köməkçiləriniz sayırlar.

Cənab Prezident, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Siz bütün qüvvələri insanların sağlamlığının qorunmasına yönəltdiniz, yaranmış vəziyyəti ciddi nəzarətə aldınız.

Bir gənc olaraq Sizin bütün qərarlarınıza, addımlarınıza görə Sizə təşəkkür edir və Sizinlə qürur duyuruq.

Hörmətlə,

Əliyar Əliyev Vəli oğlu

Azərbaycan Respublikası, Zaqatala rayonu”.

“Möhtərəm və əziz Prezidentimiz, cənab Ali Baş Komandan.

COVID-19 pandemiyasının qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi.

"Biz birlikdə güclüyük!" çağırışınızla apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz.

Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur.

Hörmətlə,

Quliyev Kamal Yunis oğlu

Namazov Ceyhun Hümbət oğlu

Əsgərov Daşdəmir Novruz oğlu

Mirzəliyev İnam Hikmət oğlu

Hüseyinov Vüsal Ağalar oğlu və başqaları.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Çaparlı kəndi”.

“Hörmətli cənab Prezident.

Mənim 69 yaşım var. Çernobıl hadisələrinin iştirakçısıyam. İnsanların bəla ilə üzləşməsinin nə olduğunu bilirəm. Buna görə də Sizin koronavirus pandemiyasına qarşı tədbirlərinizi, “Evdə qal” çağırışlarınızı yüksək qiymətləndirirəm.

Bütün qərarlara görə Sizə təşəkkür edirik. İllər keçəcək, ancaq Sizin Azərbaycan xalqı üçün etdikləriniz unudulmayacaq.

Hər şeyə görə çox sağ olun, cənab Prezident.

Hörmətlə,

İsrafilova Nuriyyə

Azərbaycan Respublikası, Samux rayonu, Alıuşaqlı kəndi”.

“Hörmətli cənab Prezident.

Dünyanı bürümüş təhlükəli koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə rayonumuzun aztəminatlı sakinləri maddi və ərzaq yardımı ilə təmin olundular.

Bununla yanaşı, rayonumuzda bu xəstəliyin geniş yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər də səmərəli oldu, böyük itkilərin qarşısı alındı.

Koronavirusla mübarizədə Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi sevindirir və qürurlandırır. Bu nailiyyətlər Sizin uzun illərdən bəri yorulmaz fəaliyyətinizin sayəsində baş verdi. Buna görə də xalqımız Sizə minnətdardır.

Hörmətlə,

Nəciyev Zaur

Məmmədov Zayid

Niftiyeva Mətanət

Muradova Xanım

Məmmədəliyev Əliniyaz

Rəhmətov Əlimərdan

Mirzəcanov Çingiz

Azərbaycan Respublikası, Masallı rayonu”.

“Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirlərini yüksək qiymətləndirir və alqışlayırıq. Sizin qabaqlayıcı tədbirləriniz sayəsində çox şükürlər olsun ki, ölkəmizdə faciəvi nəticələr qeydə alınmadı. Vətəndaşlarımız üçün böyük əhəmiyyət daşıyan bu məsələdə tutduğunuz qətiyyətli mövqeyə, atdığınız strateji addımlara görə xalqımız Sizə hər zaman minnətdar olacaqdır.

Virusla mübarizə aparmaqla yanaşı, dövlətimizin aztəminatlı ailələri, işə getmək imkanından məhrum olan insanları diqqətdə saxlaması, onlara 190 manat məbləğində birdəfəlik ödəmə verməsi təqdir olunur. Biz də bu işlərə sevinən, bundan qəlbən məmnunluq hissi duyan milyonlarla vətəndaşın sırasındayıq.

Cənab Prezident, son günlər sağalıb evlərinə dönən xəstələrin sayı artmaqdadır. Əlbəttə ki, bu, çox xoş haldır. İnanırıq ki, tezliklə bu bəladan yaxamızı birdəfəlik qurtaracağıq. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şəmilov Vəli Hüseyn oğlu

Əliyev Allahverdi Qurban oğlu

İsgəndərov Vahid Oruc oğlu

Səfərov Hacıəddin Səfəralı oğlu və başqaları.

Azərbaycan Respublikası, Füzuli rayonu”.

“Hörmətli cənab Prezident.

Siz ölkəyə rəhbərlik etdiyiniz gündən bəri həmişə Azərbaycan xalqının yanında olmusunuz və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdırmaq üçün əlinizdən gələni əsirgəmirsiniz.

Mən və ailə üzvlərim koronavirus pandemiyası dövründə xalqımızın sağlamlığını qorunması, həmçinin insanların çətinliyə düşməməsi üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Ailəmizin pandemiya dövründə aldığı 190 manat birdəfəlik ödəmələr bizim çətin günlərdə tək olmadığımızı göstərdi.

Siz xalqımızı böyük çətinlikdən qurtardınız. Biz Sizə daim güvənirik. Bir daha təşəkkür edirik.

Hörmətlə,

İsgəndərov Əvəz.

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Xoşbulaq kəndi”.

“Çox hörmətli Prezident.

Son aylar dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı ölkəmizdə görülən tədbirlər müsbət nəticələrini verdi. Sizin rəhbərliyinizlə həyata keçirilən işlər başqaları üçün nümunə oldu. Apardığınız düzgün siyasət bizim sağlam qalmağımıza, xəstəliyin geniş yayılmamasına səbəb oldu. Buna görə Sizə minnətdarıq.

Cənab Prezident, Siz xalqı sevdiyiniz kimi, xalq da Sizi sevir. Siz xalqı dəstəklədiyiniz kimi, xalq da Sizi dəstəkləyir. Azərbaycan xalqı həmişə Sizinlədir.

Tanrı Sizi qorusun. Var olun, cənab Prezident.

Hörmətlə,

Ağasiyev Sarvan.

Azərbaycan Respublikası, Kürdəmir rayonu”.

“Hörmətli cənab Prezident.

Bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz qayğı və dəstəyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Gözəgörünməz düşmənlə üzbəüz qalan dünyamızda Sizin strategiyanız nəticəsində Azərbaycan xalqı bu düşmənə qalib gəlmək üzrədir. Siz bizim yanımızda olduğunuz kimi, xalq da Sizin yanınızdadır.

Tərtər rayonunun əhalisi adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Rzayeva Səriqə Yusif qızı

Quluyev Şaiq Əsgər oğlu

Behbudov Arif Kazım oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu”.

“Hörmətli cənab Prezident.

Bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyada koronovirus xəstəliyi baş verdiyi vaxtda Sizin qayğıkeşliyiniz, vətənpərvərliyiniz bir daha göz qarşısındadır. Dünyada baş verən bu virus hamı kimi bizi də təəssüfləndirir. Çox sağ olun ki, aztəminatlı, işsiz vətəndaşların qayğısına qalırsınız. Sizin göstərdiyiniz humanist addım əvəzedilməzdir.

İşsiz vətəndaş olaraq mənə də 190 manat verildi. Sizin sayənizdə ailəm və övladlarım sevindi. Ailəmin və uşaqlarımın adından Sizə sonsuz təşəkkürümü bildirirəm.

Arzu edirəm ki, tezliklə bütün dünya bu bəladan qurtulsun, doğma Azərbaycanımız Sizin siyasətiniz nəticəsində sosial-iqtisadi inkişafını davam etdirsin, həmişə yüksəklərdə duran qabaqcıl ölkələrdən olsun.

Sizə uzun ömür, cansağlığı arzulayıram. Həmişə Sizi dəstəkləyirik.

Hörmətlə,

Xəlilov Elman Hüseyn oğlu.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri”.

“Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində koronavirusa qarşı aparılan düzgün mübarizə öz nəticəsini göstərdi. Siz xalqın dar günündə önə keçən, xalqı hər bəladan qoruyan Lidersiniz.

Siz xalqın çətinliklə üzləşdiyi bir dövrdə 100 minlərlə vətəndaşımıza, istər vergi ödəyicisi olsun, istər işsiz, heç bir fərq qoymadan yardım etdiniz. Bu xalqını sevən və dəyərləndirən Prezidentə layiq addımdır.

Sizə minnətdarlıq bildirərək şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Poladov Cavanşir İbrahim oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi”.

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrinin belə tədbir görməkdə gecikdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz bizim bu sınaqdan minimum itki ilə çaxmağımıza zəmin yaratdı. Azərbaycan xalqı Sizinlə fəxr edir.

Sizin dövlətçiliyimizin inkişafı yolunda apardığınız islahatlar, məmur özbaşınalıqlarına son qoymanız yaxşı nəticələrini verməkdədir.

Sizin aldığınız qərarlar, bu çətin günlərdə paylanan yardımlar xalqın daha yaxşı yaşamasına hesablanmışdır. Koronovirusdan xalqımızı qorumaq üçün göstərdiyiniz səylərə görə Sizə minnətdarlıq bildirir, bu şərəfli və məsuliyyətli işinizdə yeni uğurlar arzulayır, hər bir çağırışınıza əsgər kimi hazır olduğumuzu bildiririk.

Hörmətlə,

Ədilov Qədim Ədil oğlu

Ağayev Mamed Abbas oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu”.

“Çox hörmətli Prezidentimiz.

Mən bir Azərbaycan gənci və Füzuli sakini olaraq xalqımıza verdiyiniz dəyərə, ölkəmiz üçün göstərdiyiniz xidmətlərinizə görə Sizə və hörmətli Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Ulu Öndərimizin məcburi köçkünlərə hər zaman göstərdiyi diqqət və qayğını biz Sizin fəaliyyətinizdə də görürük. Buna misal olaraq, mənim təhsil haqqımın dövlət tərəfindən ödənilməsidir.

Dəyərli Prezidentim və çox hörmətli Mehriban xanım, Sizin uğurlu fəaliyyətiniz sayəsində Azərbaycanımızı müasir və inkişaf etmiş ölkələr sırasında görürük. Bütün dünyada yayılan koronavirus pandemiyasının ölkəmizə təsiri oldu. Lakin Siz ilk gündən başlayaraq qabaqlayıcı tədbirlər gördünüz. Məhz bu tədbirləriniz xalqımızın sağlamlığını qorudu. Siz hər zaman xalqımızın yanında olmusunuz, bu çətin günlərdə də vətəndaşlarımızdan qayğınızı əsirgəmədiniz.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Sizinlə qürur duyuram.

Dərin hörmətlə,

Ələkbərov Bayram Bəhrəm oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, Böyük Bəhmənli kəndi”.

“Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyətin ağır pandemiya ilə həyatda qalmaq uğrunda mübarizə apardığı bir dövrdə Sizin ən ali dəyərlərə söykənərək insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin daha bir göstəricisidir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi.

Pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrində belə, sözün əsl mənasında, insanlıq dramı yaşatdığının şahidi oluruq. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya ən uğurlu mübarizə modelini nümayiş etdirdi. Əlbəttə, bu, bir vətəndaş olaraq məni sevindirməyə bilməz. Sizinlə fəxr edirəm, qürur duyuram, cənab Prezident! Sizə minnətdaram.

Hörmətlə,

Tağıyeva Təranə Ələkbər qızı.

Azərbaycan Respublikası. Şirvan şəhəri”.

“Möhtərəm cənab Prezident.

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün tərəfinizdən görülən tədbirlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı qərarın verilməsi bu məsələyə necə ciddi yanaşdığınızı göstərir.

Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olaraq təhsil haqqımın ödənilməsində göstərdiyiniz dəstəyə görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Sizi Azərbaycan xalqına çox görməsin.

Hörmətlə,

Quliyev Elcan.

Azərbaycan Respublikası, Ağstafa rayonu”.

“Cənab Prezident.

Dünyanı bürüyən pandemiya dövründə Azərbaycan vətəndaşları Sizin tapşırığınızla xüsusi diqqət və qayğı ilə əhatə olundu. Pandemiya dövründə 600 mindən çox vətəndaşa maddi kömək göstərildi, bir çox fond və təşkilatlar tərəfindən ərzaq yardımı edildi. Azərbaycan gənci, Azərbaycan könüllüsü olaraq qürurla və fəxrlə ərzaq yardımlarının çatdırılmasında iştirak etdik.

Cənab Prezidentimiz, Sizin Sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Sizin və birinci xanımı Mehriban Əliyevanın bir illik əmək haqqınızı bu Fonda ianə etməyiniz Azərbaycan xalqına olan diqqət və qayğının daha bir göstəricisi oldu. Xalqımızın həmrəyliyi bir daha dünyaya nümunə oldu. Böyük şirkətlər, iş adamları, həmçinin bizim kimi sadə vətəndaşlar da Fonda ianə etdilər.

Cənab Prezidentimiz, 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməyiniz bizə böyük stimul verdi. 2013-cü ildən qürurla və fəxrlə Azərbaycan könüllüsü adını daşıyıram. Biz sizin könüllü əsgərlərinizik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə gənc fəal olaraq Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Şahin Azər oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu”.

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən bir gənc olaraq çox sevinirəm ki, Azərbaycana Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Azərbaycan gənci Sizə daim güvənir.

Cənab Prezident, Azərbaycan xalqı çox çətinliklərin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, hazırki narahat günlərimiz də tezliklə tarixin yaddaşına köçəcək və Sizin rəhbərliyinizlə ölkəmizdə həyat yenidən öz axarına düºəcək.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız humanist addımlar öz müsbət nəticələrini verəcək.

Hörmətlə,

Fəxrəddinli Fərid Fəxrəddin oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu”.

“Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir.

COVID-19 infeksiyasının dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olduğu halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil edildi. Əhalinin sağlamlığının qorunması ön plana çəkildi. Dünyanın pandemiya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Sizin Sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb.

Cənab Prezident biz Sizin apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Bunun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığının qorunması üçün yorulmadan çalışmağınızdır. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl və qüdrətli olmasına, insanlarımızın xoşbəxt yaşamasına xidmət edir. Sizin əməyiniz qarşısında baş əyirik. Əminik ki, xalqımız Sizin bu əziyyətinizi heç bir zaman unutmayacaq. Şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edirəm.

Sizin xalqa xidmətiniz bugünkü və gələcək nəsillər üçün nümunədir. Biz Sizinlə qürur duyuruq. Biz birlikdə güclüyük.

Hörmətlə,

Nəzərov İnqilab Qurban oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR