Azərbaycan Prezidenti İlham Əliyevə məktublar gəlməkdə davam edir.
ONA məktublardan bir neçəsini təqdim edir:
“Hörmətli cənab Prezident.
Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi.
Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olmağınızı sübut edir.
Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci ildə dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik.
Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Milli Qəhrəman atası Həmidov Nəriman Şükür oğlu
Azərbaycan Respublikası, Qubadlı rayonu”.
“Əziz və hörmətli Prezidentim.
Sizi Qarabağ əlili kimi ən səmimi duyğularımla salamlayıram. Ölkəmizin bu çətin günündə yorulmadan hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərdiyiniz üçün Sizə minnətdarlığımızı bildirir, Sizi hər zaman dəstəkləyirik.
Dünyada tüğyan edən bu pandemiya təhlükəsinin Vətənimizdən tezliklə sovuşması üçün gördüyünüz tədbirlər, verdiyiniz Fərman və Sərəncamlar tarixi qərarlardır. Uzun illər keçsə də, xalqımızın bu bənzərsiz düşmənlə inamlı mübarizəsi hər zaman Sizin adınızla anılacaq.
Biz məcburi köçkün kimi dövlətin qayğısını hər zaman hiss etmişik. Bu da bizi Sizin ətrafınızda bir yumruq kimi birləşməyə, dövlətin yürütdüyü siyasətə arxa durmağa sövq edir. Biz daim Sizinləyik.
Hörmətlə,
Qarabağ müharibəsi əlili İmanov Pəhlivan İsmayıl oğlu
Azərbaycan Respublikası, Qubadlı rayonu, Çərəli kəndi”.
“Möhtərəm cənab Prezident, çox hörmətli Birinci vitse-prezident.
Son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar tərəfinizdən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirirəm. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin.
Dərin hörmət və ehtiramla,
İlham Ağayev Nazim oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri”.
“Hörmətli cənab Prezident.
Sizin bütün addımlarınız, qərarlarınız göstərir ki, koronovirusla üzləşdiyimiz bir dövrdə Sizin əsas amalınız Azərbaycan xalqını bu bəladan qurtarmaqdır. Xalqımız da bir daha gördü ki, Sizin sözünüzlə əməliniz üst-üstə düşür, vətəndaşların sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir.
Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə 190 manat birdəfəlik ödəmə ilə təmin olundum. Bu mənim kimi yüz minlərlə insan üçün maddi yardımla yanaşı, mənəvi kömək oldu. Biz Sizi arxamızda hiss etdik.
Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə cansağlığı və ölkəmiz naminə tükənməz güc-qüvvət arzulayıram.
Hörmətlə,
Darçınov Naib Ayaz oğlu
Azərbaycan Respublikası, Qax rayonu, Qorağan kəndi”.
“Hörmətli cənab Prezident.
Ev sahibi evin dirəyi, arxa-dayağıdır deyirlər. Bizim ölkəmiz də daim əziz Prezidentimizin əməyi və qayğısı sayəsində inkişaf edir. Dünyada bütün baş verənlərə baxmayaraq, həm xalqın, həm də ayrı-ayrılıqda hər bir vətəndaşın probleminə bütün ruhu ilə özünü sərf edən belə məsuliyyətli və fədakar Lider çox az tapılar. Bu gün fikrimcə təkcə mən deyil, milyonlarla insan Sizə - hamımızın qayğısına qalan, ən müdrik, mərhəmətli və dünyanın ən uzaqgörən Prezidentinə təşəkkürümüzü bildiririk.
Cənab Prezident, çox sağ olun ki, bu bəla ilə, dünyanı lərzəyə gətirən koronavirusla bağlı bu dərəcədə düzgün tədbirlər görmüsünüz. Bu, Sizin bizə - Azərbaycan xalqına olduqca səmimi münasibət barədə daha bir danılmaz faktdır.
Çox sağ olun ki, sosial vəziyyətindən asılı olmayaraq ölkənin hər bir sakininin vəziyyəti ilə maraqlanırsınız. Bizim sabit vəziyyətimiz, sağlamlığımız, həyatımız bədnam qonşularımızın həsəd aparacağı mövzudur.
Bir də ona görə təşəkkür etmək istərdim ki, ölkəmizdə hər kəs özünə və öz gücünə inanır. Bütün bunlar ona görədir ki, möhtərəm İlham Heydər oğlu bu insanların hər birinə ata qayğısı ilə yanaşır.
Sizinlə fəxr edirəm, mənim Prezidentim.
Hörmətlə,
Rəfixanov Rəcəb Alik oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu”.
“Hörmətli cənab Prezident.
Bu aylar dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası yüzlərlə ölkədə yüz minlərlə insanın canını alıb, dünya üzrə yoluxanların sayı üç milyonu keçib. Lakin Sizin vaxtında atdığınız addımlar, gördüyünüz məhdudlaşdırıcı tədbirlər ölkəmizin bu pandemiyadan daha az zərərlə çıxmasına imkan yaratmışdır.
Bu ağır günlərdə işsizlərə, imkansız ailələrə iki ay ərzində birdəfəlik yardımların verilməsi, ahıl insanlara qayğının gücləndirilməsi, xırda sahibkarlara dəstək verilməsi dövlətin hər bir vətəndaşa göstərdiyi yüksək diqqətin təcəssümüdür. Biz buna görə dövlətimizin rəhbəri kimi Sizə öz minnətdarlığımızı bildirir və dərin təşəkkür edirik.
Allah köməyiniz olsun.
Hörmətlə,
Həsənova Gülnar Yusif qızı
Azərbaycan Respublikası, Qubadlı rayonu, Bəxtiyarlı kəndi”.
“Möhtərəm cənab Prezident.
Mən bu kiçik məktubu yazmaqla Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu çətin günümdə, evimə çörək ala bilmədiyim bir vaxtda işsizlərə verilən 190 manat birdəfəlik ödəməni aldım. Məni və ailəmi sevindirdiniz. Buna görə Sizə çox-çox təşəkkür edirəm.
Biz yaşlılar hər zaman Sizin apardığınız siyasəti bəyənir və dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı tezliklə bu virusa qalib gələcək.
Allah Sizin kölgənizi bizim ölkəmizin başı üstündən əskik eləməsin, İnşallah.
Hörmətlə,
Qarakişiyev Rəcəb Vahid oğlu
Azərbaycan Respublikası, Balakən rayonu, Qazma kəndi”.
“Möhtərəm cənab Prezident.
Dünyanı bürümüş koronavirus pandemiyasının respublikamızda qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcək. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, yeni müəssisələr göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Dövlətimiz bu gün də öz vətəndaşlarının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq.
Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma Beyləqan Meliorasiya İdarəsinin kollektivi adından təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun.
Hörmətlə,
"Tərəqqi" medallı Əliyev Nadir və Kərimov Azim
Azərbaycan Respublikası, Beyləqan rayonu”.
“Hörmətli cənab Prezident.
Bütün dünya koronavirus adlı çətin bir dönəmdən keçir. Bu çətinliyin içində biz də varıq. Lakin Sizin tərəfinizdən qəbul olunan qərarlar, dövlətimizin qoyduğu qaydalar bizi bu çətinlikdən xilas etdi. Siz gecə-gündüz çalışaraq bizi qorudunuz. Bizlər də qaydalara əməl edərək, evdə qalaraq, həm özümüzü, həm də sevdiyimiz insanları qorumuş, Sizə olan rəğbətimizi ifadə etmiş olduq.
Sizin bizi nə qədər çox sevdiyinizi artıq daha yaxşı anlayırıq. Tezliklə bu günləri geridə qoyacağıq. Əminik ki, daha gözəl sabahlar naminə Siz daha çox çalışacaq, xalqımızı daha çox sevindirəcəksiniz. Biz gənclər də bütün işlərinizdə Sizinlə həmrəy olaraq əlimizdən gələni etməliyik. İnanırıq ki, sabahımız daha yaxşı olacaq. Çünki Sizin kimi qayğıkeş rəhbərimiz var.
Cənab Prezident, xalqımıza qayğı göstərdiyiniz üçün Sizə dərin təşəkkür edirəm.
Hörmətlə,
Əliyeva Venera Xaliq qızı
Azərbaycan Respublikası, Tovuz rayonu, Əlibəyli kəndi”.