• SİYASƏT

    14:22 9 may 2019

Prezident İlham Əliyev Yasamalda ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

ONA-nın məlumatına görə, dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. DOST mərkəzlərində proaktiv xidmətlər də göstəriləcək, vətəndaşlara bu və ya digər sosial hüquqları barədə məlumat veriləcək.

Dövlət başçısı və birinci xanım əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə də baxıblar.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Əhalinin sosial müdafiəsi istiqamətində son illər görülən işlərlə bağlı da məlumat verilib.

Qeyd edilib ki, ilin birinci rübündə dövlət başçısı tərəfindən həyata keçirilən sosial islahatlar paketinin uğurlu nəticələri kimi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar 3 milyondan artıq vətəndaşın rifahına mühüm dəstək olub. O cümlədən minimum əmək haqlarının və pensiyanın minimum məbləğinin 40 faizədək, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması təmin edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 626 mənzil verilib, 265 nəfər isə avtomobillə təmin olunub. 2019-cu ildə isə azı 800 mənzilin və 600 avtomobilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi nəzərdə tutulur. Bildirilib ki, 2019-cu ildə bir neçə reabilitasiya və sosial xidmət müəssisəsi də istifadəyə veriləcək. Ötən il Özünüməşğulluq Proqramından 7267 ailə istifadə edib. Bu il 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulur.

Sonra DOST Agentliyinin E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi barədə videoçarx nümayiş olunub.

Vurğulandı ki, hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir. Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək. “Gənc DOST” könüllülər proqramı hazırlanıb və artıq 50 könüllü işə başlayıb. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlbi də nəzərdə tutulur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşüblər.

***

11:55

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.

ONA-nın məlumatına görə, dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR