• SİYASƏT

    18:09 8 yanvar 2024

Prezidentliyə namizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edib.

Qeyd edək ki, ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın 2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.

MSK-nın 2023-cü il dekabrın 26-da keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Heydər oğlu Səfərovun, dekabrın 31-də isə namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, 2024-cü il 6 yanvarda keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR