Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək.
APA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.
“Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən,
- Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi:
- Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə verilməsi;
- Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin 139 ha ərazinin Xocavənd rayonunun inzibati ərazisinə verilməsi;
- Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsinin Ağdam rayonunun inzibati ərazisinə verilməsi;
- Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsinin Qubadlı rayonunun inzibati ərazisinə verilməsi nəzərdə tutulur.