• SİYASƏT

    10:07 29 may 2019

Qərbi Hollivud şəhərində 28 May Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may tarixini Azərbaycan Milli Günü elan edib. Bununla bağlı şəhər meri Con Damiko (John D’Amico) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ONA-ya bildirilib ki, Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan Qərbi Hollivud şəhərilə güclü tərəfdaşlıq əlaqələri qurub.

Bəyannamənin sonunda 28 may tarixi Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR