Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı digər dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıb.
ONA xəbər verir ki, məktubda deyilir: “Bir Olan Yaradanın adı ilə.
Möhtərəm cənab Prezident.
Biz, Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri ölkəmizin din xadimlərinin və dindarların iradəsini, həmçinin, çox sayda müraciətlərini nəzərə alaraq, Sizə - Azərbaycan xalqının ümummilli rəhbərinə və Birinci vitse-prezident Mehriban xanıma bu çətin dönəmdə həyata keçirdiyiniz böyük işlərə, nümayiş etdirdiyiniz xüsusi diqqətə, səmimi müraciətlərinizə, xalqa ünvanlı maddi-mənəvi dəstəyə görə dərin minnətdarlığımızı ifadə edirik. Bu, bizim dini rəhbərlər olaraq mənəvi borcumuzdur və biz bunu təmsil etdiyimiz dini icmalar adından böyük məmnuniyyətlə bəyan edirik.
Zati-aliləri. Dünyanın mürəkkəb dövr yaşadığı, həyatın bütün sahələrində gərgin imtahanlardan keçdiyimiz bir zamanda biz yenə də Sizin şəxsiyyətinizin və dövlət xadimi olaraq əzəmətinizin şahidi olduq. Koronavirus bəlasının qarşısının alınmasında misilsiz əməyinizlə, Zati-aliləriniz, Azərbaycan xalqının yenilməz lideri, ümummilli dövlət xadimi kimi nəzərimizdə bir daha ucaldınız. Ulu Yaradanın lütfü ilə Siz insanlara ümid bəxş edən, həyatları xilas edən qəhrəman Vətən övladı timsalında xalqın qəlbində yer almısınız.
Möhtərəm cənab Prezident. Bütün səmavi dinlərdə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək qədər yüksək dəyərləndirilir. Uca Yaradanımıza xoş gedən bu missiyanın reallaşması baxımından Sizin hər bir vətəndaşımızın həyatının qorunması uğrunda gecəli-gündüzlü mübarizə aparmağınız, öz nümunənizlə hamımızın birlikdə güclü olduğumuzu nümayiş etdirməyiniz tarixə həkk olundu. Dünyanın aparıcı dövlətlərinin belə qibtə edəcəyi çeviklik, operativliklə ərsəyə gələn yeni xəstəxanalar, ölkəyə gətirilən tibbi qurğular və zamanında verdiyiniz dəyərli qərar və Sərəncamlar sayəsində cəmiyyətimiz səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Azərbaycanda koronovirusa yoluxma hallarının aşağı səviyyəsi, sağalanların daha çox sayda olması görülən böyük işlərin, davamlı və gərgin zəhmətlərin nəticəsidir. Həmçinin cənabınızın COVİD-19 pandemiyası ilə mübarizəyə beynəlxalq müstəvidə dəstəyi, müvafiq qurumlara, dünya birliyi ölkələrinə humanitar yardımı ölkəmizin ümumbəşəri bəla ilə mübarizədə real iştirakının bariz nümunəsi, bəşəri yardımlaşmaya gözəl örnəkdir. Zati-alilərinizin Azərbaycan həkimlərinin fədakar əməyinə verdiyi yüksək dəyərə biz də qoşulur, hökumətimizin, bütün aidiyyəti dövlət qurumlarının zəhmətlərini təqdirəlayiq qiymətləndiririk. Əminik ki, Sizin rəhbərliyinizlə görülən misilsiz tədbirlər, bu mürəkkəb dövrdə iqtisadi islahatların davam etdirilməsi yönündə səyləriniz, sosial rifaha dair addımlarınız və ən əsası, xalq-dövlət birliyi sayəsində Azərbaycan bu sınaqdan tezliklə uğurla çıxacaqdır.
Möhtərəm cənab Prezident. Biz, Azərbaycanın dini konfessiya rəhbərləri, təmsil olunduğumuz dünya dini liderlərinin nüfuzlu platforması olan Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin çoxsaylı üzvlərinin də iradəsini ifadə edərək, cənabınızın uzun illər ərzində ümumbəşəri əhəmiyyətli səmərəli fəaliyyətini, ələlxüsus, pandemiya dövründə bəşərin qorunması yönündə milli və qlobal müstəvidə atdığınız addımları təqdirəlayiq hesab edir, Sizi dünya miqyaslı lider və Azərbaycan millətinin qəhrəman oğlu kimi dəyərləndiririk.
Möhtərəm cənab Prezident. Biz bir daha Sizin ümumbəşəri bəla ilə fövqəladə mübarizənizə öz dəstəyimizi ifadə edirik. Dünya yəhudiləri üçün önəmli bayram olan Pesax, dünya xristianlarının müqəddəs Pasxa bayramı münasibətilə Cənabınızın və hörmətli Mehriban xanımın səmimi təbriklərinə görə dərin minnətdarlığımızı bildiririk. Uca Rəbbimizdən istəyimiz budur ki, Sizin siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyiniz fövqəladə işlər, xalqa bəxş etdiyiniz böyük ümid və dayaq Vətənimiz Azərbaycanın hər sahədə zəfərini təmin etsin, ölkəmizin tezliklə virus təhlükəsindən qurtulmasına rəvac versin. Dünya müsəlmanlarının mübarək Ramazan ayı ərəfəsində böyük ehtiram hissi ilə Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar arzulayır, Uca Allahdan hər zaman yardımçınız olmasını diləyirik. O Bir Olan Yaradanımız Azərbaycan xalqını və bütün bəşəriyyəti hifz etsin. Amin.
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Aleksandr
Bakı və Azərbaycan Arxiyepiskopu,
Melih Yevdayev
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri,
Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu,
Robert Mobili
Alban-udi icmasının rəhbəri.
Azərbaycan Respublikası, Bakı şəhəri”.