• SİYASƏT

    19:04 18 mart 2019

Qüdrət Həsənquliyev Əli İnsanovun dediklərini ikrah doğuran ucuz açıqlama adlandırıb

"Həm beynəlxalq, həm yerli hüquq müdafiəçiləri həbs olunmalarında siyasi motivlərin olduğu iddia edilən bir qrup şəxsin əfv olunmasını Prezidentdən xahiş etmişdi. Mən də belə bir əfv qərarının verilməsinin həm humanizm, həm də ölkənin milli maraqları baxımından vacib olduğunu düşünərək Milli Məclisin plenar iclasında həmin çağırışlara qoşulmuşdum. Bu gün çox məmnunam ki, Prezident Novruz bayramı ərəfəsində böyük alicənablıq nümayiş etdirərək həmin şəxslərin də böyük qismi daxil olmaqla 431 nəfəri cəzadan azad edib".

ONA-nın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev əfv edilənlər arasında olan sabiq səhiyyə naziri Əli İnsanovun həbsxanadan çıxandan sonra verdiyi ilk açıqlamasına da münasibət bildirib.

"Əvvəla onu qeyd edim ki, o yaşda insanın azad olunması təqdir olunmalıdır. Onun siyasətdə qalacağını deməsi çox normaldır. Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı siyasətçi üçün sadəcə biabırçılıqdı. İkinci biabırçılıq isə azad olunması üçün Qərbə, beynəlxalq təşkilatlara dönə-dönə təşəkkür etdiyi halda, həbsdə olduğu müddətdə ona mənəvi dayaq olmuş ailəsinin ünvanına, onu müdafiə etmiş insanlara, yerli hüquq müdafiəçilərinə bir cümlə ilə belə təşəkkür etməməsi idi. Qərb bildiyimə görə onun azad olunması üçün heç bir ciddi tələb irəli sürməmişdi. O isə bunu bilə-bilə insanlara Qərbin onu dəstəklədiyini göstərmək və gələcəkdə onlardan kömək almaq üçün ikrah doğuran ucuz açıqlama verdi.

Nə qədər iddialı danışsa da, belə bir şəxsin xalqdan ciddi dəstək alacağı mümkünsüz görünür. Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük", - deyə BAXCP sədri vurğulayıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR