• SİYASƏT

    10:58 11 aprel 2019

Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür”

“REAL partiya olaraq anlamağa başlayır ki, korporativ maraqlar naminə İslam dinindən siyasi məqsədləri üçün istifadə etmək istəyənləri legitimləşdirmək istəyən Milli Şura ilə bir yerdə olmaq olmaz. Çünki bu, xalqımıza qarşı xəyanət olmaqla yanaşı, həm də Qərbin dəstəyindən onları məhrum edə bilər. Buna görə də Milli Şura dərhal başlayır Cəmil Həsənlini onların üstünə salmağa ki, siz satqınsınız”.

ONA-nın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, vaxtilə mandatına görə AXCP-dən imtina etmiş, deputat olarkən yazdığı əsərlərində mərhum prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirən, övladının xeyir işində hərəkat üzvlərindən daha çox Əli Əhmədov başda olmaqla YAP rəhbərliyi ilə əhatə olunan, hər il digər deputatlarla birlikdə mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib abidəsi önündə baş əyən Cəmil Həsənlinin kimisə hökumətlə bazarlıq etməkdə günahlandırması, sadəcə, ikrah doğurur: “Azərbaycan Xalq Hərəkatı haqqında isə danışmağa dəyməz. Təlatümlü dəniz dibindəki zir-zibili üzə çıxardığı kimi, ictimai həyatın təlatümlü dənizi olan xalq hərəkatı da zamanında səviyyəli vətənpərvər insanlarla yanaşı, çoxlu yaramazları, siyasi dələduzları üzə çıxardıb. Xalqımız uzun illərdir onlardan qurtula bilmir və əziyyət çəkir. Onlar danışdıqca ətrafı üfunət bürüyür. Abırlı və savadlı insanlar müxalifətə qoşulmağa tərəddüd edir. Bu səviyyəsizlər elə bilirlər söyüş söyməklə, təhqir etməklə rəqiblərini gözdən salırlar. Amma anlamırlar ki, öz səviyyələrində olan 3-5 pozğundan başqa hamı onlara tüpürür. İqtidardakıların idarəetmədə buraxdıqları bütün səhvlərə baxmayaraq, atalarına min dəfə rəhmət oxuyurlar. İnsanlar düşünəndə ki, elementar əxlaqa və mənəvi dəyərlərə sahib olmayan bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür. Bəzi insanlar mənə deyir ki, Qüdrət bəy, bu tərbiyəsizlər "niyə xalq onların çağırışlarına cavab vermir?" iddiası ilə xalqı təhqir edir, təkcə özlərini yox, bütün müxalifəti gözdən salırlar. Sosial şəbəkələrdə onların debatlarına bir az qulaq asın və bu ünsürləri xalqımızı təmsil edəcək iqtidar kimi gözünüz önünə gətirin. Onlar ölkənin siyasi həyatını o qədər korlayıblar ki, insanlar yalnız onların hakimiyyətə gəlməsi barədə düşünəndə dəhşətə gəlmirlər, həm də ona görə dəhşətə gəlirlər ki, birdən İlham Əliyev əlini yelləyib desə ki, "sağ olun, mən getdim”, o zaman bu ölkə 93-cü ilin Gəncə qiyamı zamanı düşmüş vəziyyətdən də pis günə qalacaq. O halda nə zaman o zaman deyil, nə də ikinci Heydər Əliyev də yoxdur ki, ölkəni dağılmaqdan xilas edə bilsin. Vaxtilə Azərbaycana 5 milyard dollara başa gələn rus agenti Rüstəm İbrahimbəyovu az qala xalqın vicdanı kimi təqdim etməyə çalışanlar, görəsən, indi vicdan əzabı çəkirlərmi? Bu “intellekt” sahibləri müxalifəti bu günə salmalıydılar və salıblar da”.

BAXCP sədri qeyd edib ki, əgər iqtidar siyasi islahatlar yolu ilə konstruktiv müxalifətin güclənməsinə şərait yaratmasa, qarşıdan gələn seçkilər də ölkəmizdə normal müxalifətin formalaşmasına imkan verməyəcək: “Sağlam və güclü müxalifət olmadan isə nə ölkəmizin beynəlxalq nüfuzunu artıra, nə də cəmiyyətin indikindən artıq inkişafına nail olub ölkəmiz qarşısında duran problemləri həll edə biləcəyik. İndiki vəziyyət ölkədə siyasi sabitlik üçün həmişə ciddi təhlükə olaraq qalacaq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR