“Avropa Şurasının daha şəffaf və dürüst olmasına ehtiyac var”.
ONA-nın Qərbi Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin üzvü Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Avropa Şurası əvvəllər daha effektiv fəaliyyət göstərib: “Avropa Şurasında illərdir ki, islahatlar, yeniliklər haqqında müzakirələr aparılır, ancaq arzuolunan nəticə əldə olunmayıb. Avropa Şurası hazırda burada müzakirə edilən əsas problemləri həll etmək iqtidarında deyil. 1950-1970-ci illərdə Avropa Şurasının fəaliyyəti daha effektiv, daha güclü və hamı tərəfindən qəbul edilən idi. Çünki o zamanlar qruplaşmalar, korrupsiya mövcud deyildi”.
Millət vəkili bildirib ki, AŞPA sədri Lilian Mori Paskye bu yaxınlarda Ermənistana səfər edib və ölkədə gedən proseslər barəsində öz fikirlərini söyləyib. “Bu yaxşıdır, ancaq onlar bir il əvvəl Ermənistanda hakimiyyətdə olan kriminal hökumət haqqında da çox yaxşı fikirlər, ifadələr işlədirdilər. Bu Avropa Şurasının hazırkı rəsmi duruşuna zidd bir haldır”,- deyə R. Hüseynov bildirib.
Aytən Abbaslı