• SİYASƏT

    00:46 30 mart 2019

Ramiz Həsənov İtaliyanın “Agenzia Nova” informasiya agentliyinə müsahibə verib

Bu səfər ikitərəfli əməkdaşlığın fundamental əsasını təşkil edən enerji sektorunda olduğu kimi İtaliya və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiq edən bir səfərdir.

ONA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov müxtəlif rəsmi görüşlər keçirdiyi Romaya iki günlük səfəri çərçivəsində “Agenzia Nova” informasiya agentliyinə bildirib.

“İtaliyaya səfərim çərçivəsində mən Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Emmanuela del Re, siyasi məsləhətləşmələr apardığım Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Baş katibi Elizabetta Belloni, İtaliya Respublikası Prezidentinin diplomatik müşaviri səfir Emanuela D’Alessandro ilə görüşlər keçirdim. Azərbaycan və İtaliya arasında münasibətlər yüksək səviyyədədir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya çoxsaylı səfərlərinin, ötən il İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri kimi həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər də təsdiq edir”, - deyə Həsənov bildirib.

Nazir müavini iki günlük səfəri çərçivəsində, habelə İtaliya Senatının Xarici Əlaqələr Komissiyasının sədri senator Vito Petroçelli və Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri deputat Marta Qrande ilə də görüşlər keçirib. Hər iki parlamentar ilə görüşdə “parlamentlər səviyyəsində münasibətlər yüksək səviyyədədir, bunu ötən il İtaliya Senatının sədri Maria Elisabetta Kasellatinin Azərbaycana rəsmi səfəri də təsdiq edir”, - deyə o bildirib. İqtisadi münasibətlərə gəldikdə isə nazir müavini iqtisadi münasibətlərin də yüksək səviyyədə olduğunu təsdiq edərək bunun “mükəmməl təmələ söykəndiyini” təsdiq edib.

“İtaliya bizim ən böyük ticarət tərəfdaşımız, Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxalçısıdır”, - deyə o, əlavə edib.

Enerjidən bəhs edərkən nazir müavini tərəfindən “enerji mənbələrinin və təchizatının diversifikasiyası üçün strateji bir layihə” kimi istinad edilən Cənub Qaz Dəhlizi mövzusuna toxunulub:

“İtaliya hökumətinə Trans-Adriatik Boru Kəməri layihəsinə (TAP) dəstəyinə görə təşəkkürümüzü bildiririk və tikinti işlərinin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılması vacibdir”.

R.Həsənovun bildirdiyinə görə, “enerji sektoru bizim iqtisadi münasibətlərin əsasını təşkil edir. Azərbaycan italyan mallarına və texnologiyasına yüksək dəyər verir, neft-kimya, infrastruktur, tikinti, moda kimi digər sektorlar üzrə əməkdaşlıqda geniş imkanlar mövcuddur”. Nazir müavini əlavə edib ki, “danışıqlar zamanı iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və onun növbəti iclasının keçirilməsinin vaxtının müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanıb”.

Gündəmdə olan məsələlərə, xüsusilə bu gün böyük maraq dairəsində olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüşə münasibətdə isə “Vyana görüşünün nəticələrinə dair yalnız görüş keçirildikdən sonra fikir bildirmək olar. Azərbaycanın mövqeyi dəyişməz qalır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həllin tapa bilər”, - deyə o bildirib. Digər tərəfdən, həmçinin BMT - müxtəlif qətnamələr vasitəsilə Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirib.

Gündəmdə olan digər məsələ isə Ermənistanın baş naziri Paşinyan tərəfindən danışıqların formatında dəyişikliklə bağlı edilmiş təklifdir.

“Ermənistan danışıqların formatının dəyişdirilməsi ilə bağlı məsələ qaldırıb, lakin Azərbaycan bunu qəbul edə bilməz. Minsk qrupunun həmsədrləri (Fransa, ABŞ və Rusiya) bəyan edib ki, danışıqların formatı dəyişdirilə bilməz. Habelə Aİ-nin yüksək rəsmiləri də eyni mövqe nümayiş etdirib və bu, yekdil formada Ermənistana bir cavab siqnalıdır və Azərbaycanın mövqeyinin hər dəfə daha çox dəstəkləndiyinin göstəricisidir”, - deyə nazir müavini bildirib.

Həsənova görə, “münaqişənin həlli regiona sülh və satbillik gətirəcək, Azərbaycan beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində münaqişənin tezliklə həllinə çalışır”.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR