Hazırda Brüsseldə səfərdə olan REAL Hərəkatının funksionerləri Natiq Cəfərli və Erkin Qədirli prezidentin ölkədə apardığı islahatlardan danışıblar və bu prosesi dəstəkləyiblər.
ONA-nın məlumatına görə, bunu keçmiş səfir, indiki müxalifətçi Arif Məmmədov "facebook" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
O qeyd edib ki, Avropa İttifaqında (Aİ) uzun müddətdir işləyən dostu onu İlham Əliyevin ölkədə çox ciddi islahatlara başlaması münasibətilə təbrik edib: " Mənə dedi ki, Azərbaycan müxalifətinin nümayəndə heyəti Brüssel səfəri çərçivəsində görüşlərində ölkədə gedən proseslər haqqında çox müsbət rəy bildiriblər".
Aİ-də işləyən şəxs qeyd edib ki, öz növbəsində təşkilat da xarici işlər naziri Elmar Məmmədyarovun səfəri zamanı hakimiyyətin addımlarını müsbət qiymətləndirib, Azərbaycan-Aİ arasında imzalanacaq sazişə müsbət rəy bildirib.
Daha sonra A. Məmmədov yazıb: "Bir qədər ətraflı maraqlandıq, bəlli oldu ki, Azərbaycan müxalifətinin təmsilçisi kimi qəbul edilən heyətin tezisləri bu cür olub. İlham Əliyev islahat aparmaq istəyir, amma ətrafında islahatların düşməni olan mühafizəkarlar var. Buna baxmayaraq, İlham Əliyev bu ərəfədə atdığı addımlarla islahatların anonsunu verib. Siyasi dustaqların böyük bir qrupunun azadlığa buraxılması bu islahatların real başlanğıcı sayıla bilər".
A. Məmmədovun yazdığına görə, REAL funksionerləri görüşlərdə mitinqlər və küçə yürüşlərinin İlham Əliyevin başladığı islahatları ləngitmək və hətta qarşısını almaq üçün hakimiyyətdəki mühafizəkarlara arqument verdiyini, Azərbaycanda siyasi müxalifət düşərgəsində bəzi qüvvələrin taktikasının ölkəni Suriyaya çevirə biləcəyini qeyd ediblər.
Buna görə də REAL bu proseslərdə özünəməxsus xətt tutub, sabitliyi poza biləcək mitinqlər və kütləvi aksiyalar yoluna yox, təşkilatlanmaqla seçkilərə qatılmaq xəttini əsas götürür.
REAL funksioneri Natiq Cəfərli isə facebook səhifəsində "son söz-söhbətlərlə bağlı geniş video-müsahibə verdim. Hazır olsun, yayacam, uzun-uzadı yazıb sizi yormaq istəmirəm. Amma hər kəs öz payını alacaq, qeyri-ciddi adamlara və fikirlərə vaxt sərf etmək də ayrı bir dərddir..." deyə, qeyd edib.