Sosial Tədqiqatlar Mərkəzi Cənubi Qafqazda yeni eranın, sülh dövrünün başlaması ilə bağlı ictimai gözləntiləri öyrənmək məqsədilə növbəti sorğuları keçirib.
ONA Mərkəzə istinadən xəbər verir ki, bu məqsədlə vətəndaşlara “Regionda artıq yeni dövr – sülh erası başlayır” fikri ilə nə dərəcədə razısınız? sualı ünvanlanıb.
Sorğu nəticəsində respondentlərin böyük əksəriyyətinin bu və ya digər dərəcədə regionda yeni sülh dönəminin başladığı mövqeyində olduğu müəyyən edilib. Belə ki, iştirakçıların 59,4%-i sülh dövrünün başlaması fikri ilə tam, hər üç nəfərdən biri, yəni 31,5%-i əsasən razı olduğunu qeyd edib.
Respondentlərin 5,7%-i bu fikirlə əsasən, 2,3%-i isə heç razılaşmayıb. 1,0%-i fikir bildirməkdə çətinlik çəkib.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 18 – 20 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 1212 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.