Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Şuranın üzvləri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.
ONA-nın məlumatına görə, onlar Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, məzarların üzərinə əklil və gül dəstələri qoyublar.
Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir: “Azərbaycanının müstəqilliyinin əsasını qoymaq, xalqı tabeçilikdən, asılılıqdan xilas etmək, ölkəmizin müstəqilliyini əbədiyyətə qədər qorumaq üçün nə yaxşı ki, İlahi tərəfindən Heydər Əliyev göndərildi. Bu gün dünyada tanınan, hər yerdən görünən müstəqil Azərbaycanımız var. Nə qədər Azərbaycan var, Heydər Əliyev Azərbaycandadır. Prezident İlham Əliyev bu gün dünyada ən nüfuzlu ölkə başçılarından biridir. Dünyanın elə bir ölkəsi yoxdur ki, bizim apardığımız siyasəti bəyənməsin. Düşmənlərimizdən, paxıllardan və Azərbaycan insanını istəməyənlərdən başqa. Bu yol davam edir. Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər davam edən Azərbaycanın inkişaf yolunu uğurla davam etdirir. Bu yol müqəddəs bir yoldur”.