Respublika Günü münasibətilə Tacikistanda rəsmi qəbul təşkil edilib
  • SİYASƏT

  • 14:13 23 May 2019

Respublika Günü münasibətilə Tacikistanda rəsmi qəbul təşkil edilib

Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Düşənbə şəhərində rəsmi qəbul təşkil edilib.

Səfirlikdən ONA-ya verilən məlumata görə, mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri, yazıçılar birliyinin üzvləri, həmçinin bu ölkədə yaşayan və işləyən azərbaycanlılar iştirak ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən tədbirin həm də Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edildiyi tarixə təsadüf etdiyini bildirən səfir Həsən Məmmədzadə qədim və zəngin dövlətçilik ənənələrinə malik olan xalqın tarixində Xalq Cümhuriyyətinin yaranmasının mühüm əhəmiyyət kəsb etməsi ilə bərabər müsəlman şərqində ilk demokratik respublikanın beynəlxalq aləmdə tanıdılmasında və müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında milli diplomatiyanın rolunun da  bir o qədər mühüm yer tutduğunu qeyd edib. Səfir bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən demokratiya və bərabərlik prinsiplərinə əsaslanıb, bütün vətəndaşlara eyni hüquqlar verərək milli, dini, irqi və sinfi bərabərsizlikləri aradan qaldırıb, qısa müddət ərzində bütün dövlət atributlarını yaradıb, şərqdə ilk dəfə olaraq operanın təsis edilməsi barədə qərar qəbul edib, qızlar məktəbi açıb, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verib, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurub.

Sovet İttifaqının dağılmasından sonra yenidən müstəqillik əldə edən Azərbaycanın ilk illərdə müharibə və xaosla üzləşdiyi, nəticədə 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, bir milyondan artıq qaçqın və məcburi köçkünün yarandığı barədə tədbir iştirakçılarına məlumat verilərək, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasının qoyulduğu, bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik,  qətiyyət və cəsarətlə həyata yürüdülən düzgün diplomatiya sayəsində Azərbaycanın bu gün Qafqazın ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevirildiyi diqqətə çatdırılıb.

Azərbaycan ilə Tacikistan arasında münasibətlərin və əməkdaşlığın tarixi köklərə söykəndiyi, ölkələrimizin regional və beynəlxalq təşkilatlarlar çərçivəsində daim qarşılıqlı dəstək verdikləri və hər iki prezident arasında dost münasibətlərin mövcud olduğu qeyd edilərək, ölkələrimiz arasında 57 sənədin imzalandığı, parlamentlərarası qrupunun fəaliyyət göstərdiyi diqqətə çatdırılıb, hökümətlərarası komissiyanın  növbəti iclasının Düşənbədə keçiriləcəyi vurğulanıb.

Fəxri qonaq qismində çıxış edən Tacikistan Xarici İşlər nazirinin müavini Saidzoda Zohir Azərbaycan xalqını Tacikistan hökuməti adından “Respublika günü” və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təbrik edib. Nazir müavini Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edərək, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu bildirib.  

OXŞAR XƏBƏRLƏR