• SİYASƏT

    14:25 10 iyun 2022

RİA Novosti Azərbaycanın etirazına səbəb olan müsahibəni silib

Rusiyanın RİA Novosti agentliyi Qarabağ separatçısı Artak Beqlaryanla müsahibəni saytından silib.

APA-nın Moskva müxbiri xəbər verir ki, həmin müsahibə artıq saytdan yığışdırılıb.

Qeyd edək ki, RİA Novosti agentliyinin bu addımı Azərbaycanda ictimaiyyətin və Xarici İşlər Nazirliyinin narazılığına səbəb olmuşdu.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirmişdi ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.

“Dövlət agentliyinin bu addımı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir.

RİA Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin, Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında vurğulanırdı.

Separatçı ilə müsahibə dərc edildikdən sonra Azərbaycanda RİA Novosti agentliyinin saytına giriş bağlanıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR