“Rusiya Azərbaycan – Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır”.
ONA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O bildirib ki, gərginliyin artması bu yaxınlarda atəşkəsin bərqərar olması ilə bağlı əldə olunmuş razılaşmalara və münaqişənin siyasi yollarla həll edilməsi ilə əlaqədar səsləndirilən bəyanatlara ziddir: “Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir. Münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, güc istifadəsindən imtina etməyə və vəziyyətin stabilləşməsinə yönələn tədbirlər görməyə çağırırıq”.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı Ermənistan təxribatlar törədib.
Bir neçə gün əvvəl Ermənistan snayperləri tərəfindən Azərbaycanın döyüş mövqelərindən arxa istiqamətdə hərəkətdə olan “KamAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.
Bundan başqa, 28 iyul tarixində 22:00 radələrində Azərbaycanın döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri Ermənistan silahlı bölmələri tərəfindən növbəti dəfə atəşə tutulub. Ermənistan snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Ermənistan snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.