Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edib.
APA xəbər verir ki, nazirliyin münasibəti rəsmi internet saytında yerləşdirilib.
Bildirilib ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasından alınan ilkin məlumata görə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə liderdir.
1314 namizəd 125 yer uğrunda mübarizə aparıb ki, bu da 2015-ci ildəki son parlament seçkilərindən iki dəfə çoxdur. Seçkilərdə 19 siyasi partiyadan 246, təşəbbüs qruplarından 11 və bitərəf olan 1057 namizəd iştirak edib. Seçicilərin fəallığı 47,81% olub, səsvermədə 2 milyon 547 min 982 nəfər iştirak edib.
Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883) müşahidəçi, o cümlədən Rusiyadan olan müşahidəçilər qrupu izləyiblər. MDB və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri seçkilərin milli qanunvericiliyin tələblərinə uyğun keçirildiyini və vətəndaşların səsvermə hüquqlarının kobud şəkildə pozulması hallarının aşkar edilmədiyini bildirib.
"Təəssüf hissi ilə qeyd edirik ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament Assambleyalarından olan müşahidəçilər qərəzli və subyektiv yekun qiymətləndirmələr aparıblar.
Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münasibəti ilə təbrik edirik və bildiririk ki, bu, Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarına əhalinin dəstəyini göstərir.
Milli Məclisin deputat korpusunun yeni tərkibi və Rusiya Federasiyası Federal Məclisi arasında Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam edəcəyini gözləyirik”, - deyə Rusiya XİN bildirib.