Rusiyanın Azərbaycanla-Ermənistan arasındakı münasibətlərin normallaşmasında vasitəçilik missiyasına paralel olaraq, biz digər oyunçuların bu prosesə maneə olmaq cəhdlərini görürük.
ONA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Biz bununla bağlı heç bir problem yaşamamışıq. Qərb xüsusi hərbi əməliyyat başlayandan sonra Paris və Vaşinqtonun dili ilə rəsmi bəyan edib ki, onlar Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəklər. Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bitdiyini elan ediblər. Ona görə də, bizim erməni həmkarlarımız hərdən Minsk Qrupunu xatırlayanda, biz onlara deyirik ki, sualı bizə yox, ABŞ-a və Fransaya verin. Əlbəttə ki, sual həm də Azərbaycanadır. Ona görə ki, Azərbaycanın iştirakı olmadan hansısa vasitəçilik missiyası mənasızdır. İndi amerikalılar, fransızlar, ümumilikdə Avropa İttifaqı özləri tərəfindən dəfn olunan Minsk Qrupunu hazırki vasitəçilik xidmətlərinə maneə olmaqla kompensasiya etməyə cəhd edir və Rusiyanın iştirakı ilə tərəflər arasında əldə olunan razılaşmaları özəlləşdirməyə çalışırlar. Misal üçün, Brüsseldə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasını keçirirlər. Azərbaycanlılar və ermənilər mədəni insanlardır. Onlar ora gedirlər. Amma mənə təsəvvür etmək çətindir ki, ancaq Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan, delimitasiya məsələsini və eyni ilə sülh müqaviləsini necə müzakirə etmək olar”, - Lavrov deyib.
Lavrov onu da bildirib ki, hazırda Minsk Qrupunu heç kəs xatırlamır: “Hərdən Ermənistanda siyasi xadimlər xatırlayırlar. Minsk Qrupunu fransızlar və amerikalılar dəfn ediblər. Bizim burada heç bir günahımız yoxdur”.