Rusiya XİN-nin mətbuat xidməti vətəndaşlarına "Azərbaycana səfər etməzdən öncə düşünməyi" tövsiyə edən açıqlama yayıb.
ONA-nın Rusiya XİN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə İnformasiya və mətbuat departamentinin şərhində bildirilir.
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını qeyd edərək, Azərbaycanın Sərhəd Xidməti erməni millətinə düz və yaxud dolayısı yolla aid olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq ölkə ərazisinə buraxmamaqda davam edir".
Açıqlamada qeyd olunub ki, səbəb kimi bu insanların təhlükəsizliyi göstərilir.
"Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarının etnik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzıliyi haqqında Rusiya tərəfinin Azərbaycana etdiyi müraciətlər cavabsız qalır. Bu halları nəzərə alaraq Azərbaycana səfər öncəsi mümkün riskləri düşünməyi tövsiyə edirik”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya XİN-in mətbuat xidməti bundan əvvəl də belə çağırış edib. Xüsusilə mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bir neçə dəfə Azərbaycan və Rusiya vətəndaşı olan şəxslərin Ermənistanda girov saxlanılması, azərbaycanlıların ermənilər tərəfindən etnik ayrı-seçkiliyə məruz qalmaları, ermənilərin törətdikləri əməllər barədə sualları qəzəblə qarşılayıb və qeyri-adekvat cavablar verib.