Rusiya müdafiə naziri Sergey Şoyqu MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya jurnalistlərə açıqlamasında deyib.
“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər nəzərdən keçiriləcək”, - deyə nazirliyin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, “2019-cu ildə hərbi əməkdaşlığın nəticələrinin ümumiləşdirilməsi, habelə MDB üzvü olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması planlaşdırılır”.
“Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək”, - Markovskaya belə deyib.
O, görüşdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan müdafiə nazirliklərinin nümayəndə heyətlərinin iştirak edəcəyini də əlavə edib.