• SİYASƏT

    20:16 5 iyul 2019

Samir Şərifov: "ABŞ Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir"

"ABŞ ölkə müstəqilliyini bərpa edəndən bu yana Azərbaycanı dəstəkləyib".

ONA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Li Litzenberger ABŞ-ın 243-cü Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.

O deyib ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir: "ABŞ Azərbaycanın müstəqilliyinə hörmət edir və dəyərləndirir. Azərbaycanı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, hər iki ölkə dost və tərəfdaş kimi azadlıq və firavanlıq yolunda birgə addımlamaqda davam edəcək. Azərbaycan və ABŞ arasında güclü tərəfdaşlıq və əməkdaşlıq mövcuddur".

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ABŞ xalqını və hökumətini Azərbaycan hökuməti adından təbrik edib.

O qeyd edib ki, ABŞ və Azərbaycan arasında güclü iqtisadi maraqlar mövcuddur və sosial iqtisadi dialoqun genişlənməsi əlaqələrin inkişafına töhfə verir. Onun sözlərinə görə, ABŞ Cənub Qaz dəhlizi daxil olmaqla Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələrinə dəstək verir.

"ABŞ prezidenti Donald Trampın İlham Əliyevə təbrikində Azərbaycanın beynəlxalq təhlükəsizliyə və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə haqda sözləri əlaqələrimizin daha da inkişafına səbəb olacaq. Son zamanlar ABŞ-dan Azərbaycana gələn səfərlərin sayının artması əlaqələrin yüksələn xətt üzrə inkişafının göstəricisidir. Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar təşkil edib. İndiyədək ABŞ Azərbaycana 13,6 milyard dollar investisiya yatırıb, Azərbaycan isə ABŞ-a 8,2 milyard dollar sərmayə qoyub", - deyə nazir bildirib.

O vurğulayıb ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun sədri kimi ABŞ-ın səylərinə ümid bəsləyir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR