"Rusiya-Azərbaycan münasibətləri yüksək sürətlə inkişaf edir. O cümlədən Sankt-Peterburq şəhəri də Azərbaycanla yaxşı münasibətlərə malikdir".
Bunu ONA-nın Rusiya bürosuna müsahibəsində Sankt-Peterburq qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Beqlov bildirib.
O, Sankt-Peterburq şəhərindəki Azərbaycan diasporunun bu münasibətlərin inkişafı üçün mühüm işlər gördüyünü söyləyib: "Peterburqda güclü Azərbaycan diasporu var. Azərbaycan diasporu bizim şəhərin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir, köməklik göstərir. Ona görə də hesab edirəm ki, bizim münasibətlər ən yüksək səviyyədədir. Azərbaycandan Sankt-Peterburqa, eynilə Peterburqdan Azərbaycana qarşılıqlı səfərlər təşkil olunur, mədəniyyət işçiləri və elm cəmiyyətinin nümayəndələrindən ibarət heyətlərin mübadiləsi aparılır. Fikrimcə, münasibətlərimiz olduqca dinamik inkişaf edir".
A.Beqlov yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırdığını da bildirib: "Ölkənizə səfər etməyi planlaşdırıram. Əslində çoxdan səfər etmək istəyirdim. Çünki həlli vacib olan bir sıra məsələlər var. Bu məsələlərdən biri sözsüz ki, təhsil sahəsində əlaqələrimizlə ilə bağlıdır. Bu sahədə əlaqələr çox vacibdir. Azərbaycanlı gənclərin Rusiyada təhsil alması, eləcə də rusiyalı gənclərin Azərbaycanda təhsil alması çox mühümdür. Gənclər arasında əlaqələr çox önəmlidir. Çünki onlar bizim gələcəyimizdir. Dili bilmələri, ümumi mədəniyyətdən xəbərdar olmaları çox vacibdir".
Qeyd edək ki, Aleksandr Dmitriyeviç Beqlov 1956-cı ildə Bakıda doğulub. 2018-ci il oktyabrın 3-dən Sankt-Peterburq şəhərinin qubernatoru vəzifəsini icra edir. I dərəcəli həqiqi dövlət müşaviri olan A.Beqlov bu vəzifəyə qədər isə Rusiya prezidentinin Şimal-Qərb dairəsi (2017-2018) və Mərkəz dairəsi (2012-2017) üzrə səlahiyyətli nümayəndəsi olub. Bir müddət öncə isə prezident Vladimir Putinin sərəncamı ilə Rusiya prezidenti yaxında Təhlükəsizlik Şurasının üzvü təyin olunub.