23 iyul tarixində ABŞ-da fəaliyyət göstərən Amerikada Azərbaycan Cəmiyyətlərinin Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşəbbüsü və dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla ABŞ-nın müxtəlif ştatlarında yaşayan çoxsaylı icma üzvləri arasında video görüş keçirilib.
APA-nın xəbərinə görə, ilk olaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərdə şəhid olan hərbçilər və həlak olan dinc sakinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
E. Süleymanov icma üzvlərinin təşəbbüsünü qiymətləndirib, son günlərdə ABŞ-da yaşayan azərbaycanlıların çətin vəziyyətlə üzləşdiyini qeyd edib. Səfir icma üzvlərinin bir araya gələrək gündəlikdə qoyulan məsələləri və növbəti addımları birlikdə müzakirə etməyin faydalı olacağını bildirib.
Daha sonra Ermənistanın təcavüzünə qarşı ABŞ ştatlarında keçirilmiş aksiyalarda icmanın iştirakı barədə danışıb. E. Süleymanov erməni lobbi üzvlərinin paytaxt Vaşinqtonda Səfirliyin qarşısında keçirdiyi aksiyaya qarşı müxtəlif ştatlardan vətəndaşlarımız və soydaşlarımızın bir yerə gələrək Azərbaycan dövlətinə, üçrəngli bayrağımıza və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək verməsinə və sivil şəkildə qarşı tərəfin susdurulmasında iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Səfir qeyd edib ki, vətəndaşlarımız və soydaşlarımızın etiraz aksiyasında təmkinli, mədəni davranışı digərlərinə nümunə kimi göstərilə bilər: "Bu, ermənilərin özlərini olduqca aqressiv və vəhşi aparması ilə heç cürə müqayisə oluna bilməz".
E. Süleymanov həmçinin Kaliforniya ştatının Los Anceles şəhərində aksiyalarda baş vermiş hadisələri təəssüf hissi ilə xatırlayıb və xəsarət alanlara Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən hərtərəfli dəstəyin veriləcəyini deyib. Səfir hazırda ABŞ-da diplomatik missiyalar da daxil olmaqla Azərbaycan vətəndaşlarına erməni radikal qrupları tərəfindən real təhdidin olmasını nəzərə alaraq soydaşlarımızı olduqca ehtiyatlı olmağa və təhlükəsizliklərini qorumağa çağırıb. E. Süleymanov icma üzvlərinin haqlı qəzəbini anladığını, bölüşdüyünü bildirib, eyni zamanda erməni radikalların təxribatlarına uymamağa və birlik nümayiş etdirərək təmkinli və soyuqqanlı olmağa səsləyib.
İki saatdan çox davam edən müzakirə geniş mövzuları əhatə edib.
Qeyd edək ki, CASA şəbəkəsi müstəqil və könüllülərin şəbəkə platforması olaraq Texas, Massaçusets, Nyu York, Nyu Jersi, Kaliforniya və Floridada yaşayan soydaşların təşəbbüsü və əməkdaşlığı nəticəsində yaranıb.