"Bu həftə Böyük Britaniya səfirliyi və futbolu üçün həyəcanverici həftədir".
ONA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Böyük Britaniya səfirliyi Azərbaycana səfər edən futbol azarkeşləri üçün broşuralar hazırlayıb. Bu broşuralarda Bakıya səfərlə bağlı bütün lazımi məlumat yer alıb. O bildirib ki, yaxın keçmişdə həm “Arsenal”, həm “Çelsi” komandaları “Qarabağ”la oyunla bağlı Bakıya səfər edib və onlar artıq stadionun keyfiyyəti, Azərbaycan və Böyük Britaniya arasında futbol tarixi ilə bağlı məlumatlıdırlar: “Böyük Britaniya-Azərbaycan futbol əlaqələri haqda danışanda ilk ağla gələn Tofiq Bəhramovdur. 1966-cı ildə keçirilən dünya çempionatının ildönümü ilə əlaqədar 2016-cı ildə biz Tofiq Bəhramovun ailəsini ziyarət etdik. Bizə Tofiq Bəhramovun ailəsi tərəfindən onun arxivindən şəkillər təqdim edildi. Hazırda o şəkillər mənim şəxsi iqamətgahımı bəzəyir və Azərbaycan-Böyük Britaniya arasında yüksək səviyyəli əlaqələri simvolizə edir".
Səfir qeyd edib ki, həmin il Tofiq Bəhramovun ailəsi də Kraliça Yelizavetanın ad gününə dəvət edilib və orada onlara Tofiq Bəhramovun həmin tarixi oyunda geyindiyi uniforma təqdim olunub.
Səfir Krofts həmçinin əlavə edib ki, futbol dünyada ən məşhur idman növü, insanları bir araya gətirmək üçün ən yaxşı vasitələrdən biridir.
Səfir həmçinin Azərbaycan xalqını 28 may - Respublika Günü münasibətilə təbrik edib.