"Venesuela ABŞ-ın planlaşdırdığı və həyata keçirdiyi iqtisadi və maliyyə blokadasının qurbanıdır".
ONA-nın xəbərinə görə, bu sözləri Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, blokada Venesuelanın sosial modelini məhv etməyə yönəlib.
Kristofer Berroteran deyib ki, indiyə kimi 51-dən çox bank və maliyyə institutlarında Venesuelaya məxsus 5 milyard dollardan çox vəsait dondurulub, Venesuela ilə ticarət əlaqələri olan şəxslər sanksiyalarla üzləşiblər. Səfir əlavə edib ki, 2015-2018-ci illər ərzində iqtisadi blokada nəticəsində Venesuelaya dəyən ümumi zərər və itkilər 130 milyard dollar təşkil edir.
Venesuelalı diplomat vurğulayıb ki, təktərəfli sanksiyalar yerli xalqın insan haqlarına qarşı sistematik və qərəzli hücum strategiyasıdır və BMT tərəfindən pislənilir: "Qanuni hökumət olan hazırkı iqtidar ölkədaxili problemi sülh və diplomatik yolla həll etmək istəyir və onlar hər kəslə danışıqlar aparmağa hazırdır".
İqtidar hökuməti ilə Xuan Qaydonun rəhbərlik etdiyi müxalifətin Norveçdə keçiriləcək görüşü ilə bağlı səfir qeyd edib ki, görüş hələ ki, hazırlıq mərhələsindədir və nəticələri barədə danışmaq hələ tezdir.