• SİYASƏT

    00:37 9 aprel 2020

Səfirlik: “Sərhədlər bağlandıqdan sonra Türkiyədə 30 gündən çox qalan vətəndaşlarımıza viza cəzası tətbiq olunmayacaq”

“Yeni növ koronavirusla məlum mübarizə tədbirlərilə əlaqədar Azərbaycanla Türkiyə arasında sərhədlər bağlandıqdan sonra bəzi vətəndaşlarımız var ki, Türkiyəyə gəlib və geri qayıda bilməyib, viza müddətləri də başa çatıb. Bizə müraciət edən həmin vətəndaşlarımızın qeydiyyatı aparılır”.

APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat müşaviri Elvin Süleymanlı bu barədə bildirib.

E.Süleymanlı deyib ki, Türkiyədə yaşama icazəsi 30 gün müddəti keçən həmin vətəndaşlarımızla bağlı səfirlik danışıqlar aparıb, iki ölkə arasında razılaşma əldə olunub: “Həmin vətəndaşlarımız haqqında Türkiyə Xarici İşlər Nazirliyinə məlumat veriləcək və onlar heç bir cərimə və deportasiya cəzası almadan geri dönə biləcəklər”.

Səfirlik rəsmisi onu da bildirib ki, sərhədlər bağlandıqdan sonra Türkiyədə qalan vətəndaşlarımız arasında çətin vəziyyət yaşayanlar, ərzaq təminatı ilə bağlı çətinliyi olanlarla əlaqədar https://tinyurl.com/rlpgpa2 bu qeydiyyat forması vasitəsilə səfirlik qeydiyyat aparır, səfirliyin nümayəndələri yardıma ciddi ehtiyacı olanları müəyyənləşdirir və onlara birdəfəlik yardım dəstəyi verilir.

E.Süleymanlı bildirib ki, aralarında tələbələrin də çoxluq təşkil etdiyi xeyli vətəndaşımız bu tədbirdən yararlanıb və iki ölkə arasında hava (eləcə də quru) yolu ilə səfərlər bərpa olunanadək birdəfəlik yardım dəstəyi davam edəcək.

Qeyd edək ki, səfirliyə müraciəti təsdiqlənən həmin Azərbaycan vətəndaşları Türkiyədəki müfaviq ərzaq mağazalarından 200 lirə məbləğində ərzaqla təmin olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR