• SİYASƏT

    12:28 29 may 2019

Səməd Seyidov: “Avropa Azərbaycana münasibətini yalanlar üzərində qurmamalıdır”

“Düzdür, Fransa ATƏT-in Minsk Qrupunda Avropa İttifaqını təmsil etmir. Amma son 2 ildə Avropa İttifaqı 5 qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını tanıyıb. Düşünürəm ki, Fransanın da münasibəti bundan fərqli deyil”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan Avropa məkanında” konfransında Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.

C. Feyziyev deyib ki, Avropada bu münaqişəyə fərqli münasibət yoxdur: “Sadəcə Avropada erməni lobbisi və ayrı-ayrı fərqli mövqedə olan qruplar var. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bir sıra Almaniya və Fransa şirkətləri 25 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan yüksək səviyyədə beynəlxalq əməkdaşlıq həyata keçirir. Azərbaycan yeni münasibəti Avropa İttifaqından gözləyir. Azərbaycan əraziləri işğal altındadır və hücuma məruz qalır. Avropa İttifaqı məsələyə kifayət qədər ədalətli yanaşmalıdır. Biz 200 il əvvəl Azərbaycana məxsus olmuş ərazini tələb etmirik. 200 il əvvəl İraqın, Suriyanın şimalı Azərbaycan ərazisi idi. İndi müasir Azərbaycanın ərazisi var və bütün bəşəriyyət İkinci Dünya Müharibəsindən sonra hazırkı sərhədləri qəbul edib. Biz həmin sərhədlərin qəbul edilməsini istəyirik. Biz Avropanın Dağlıq Qarabağ münaqişəsinə həllində ədalətli mövqe tutmasını istəyirik. Münaqişə səbəbindən Cənubi Qafqazda hazırda ən pis durumda olan ölkə Ermənistandır. Çünki münaqişə səbəbindən Ermənistana böyük sərmayələr qoyulmur. Biz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etməsini istəyirik. Eyni zamanda bu axşam sizə yaxşı futbol matçı izləməyi arzu edirəm”.

Avropa Parlamentinin Fransadan olan üzvü Emerik Şopard Azərbaycanın həqiqətən tolerant ölkə olduğunu vurğulayıb: “Biz münaqişənin həllinə dəstək verməliyik. Mən tarixçiyəm, Azərbaycan çox maraqlı tarixə malikdir. Biz sizdən çox şey öyrənməliyik ”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S. Seyidov Avropanın Azərbaycana münasibətini yalanlar üzərində qurmamalı olduğunu vurğulayıb: “Ermənilər çox güclü lobbi hərəkatına malikdirlər. Fransa, İngiltərə və digər ölkələrdə böyük lobbiləri var. Ona görə də biz həqiqətlərimizi çatdırmaq üçün inkişafa, biznes uğurlarına diqqət yönəltdik. Biz artıq Dağlıq Qarabağ münaqişəsinə görə yox, iqtisadi inkişafa, beynəlxalq tədbirlərin, böyük idman yarışlarının keçirilməsinə görə diqqəti cəlb edirik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR