“Azərbaycanın beynəlxalq münasibətləri inkişaf etdikcə, dünyadakı rolu artdıqca, mövqeyi möhkəmləndikcə ölkəmizə qarşı destruktiv qüvvələrin təzyiqi də artır”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov brifinqdə bildirib.
Səməd Seyidov deyib ki, bu cür qüvvələr daxildən də ölkəmizin münasibətlərinə xələl gətirməyə çalışır. Xüsusilə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr göz qabağındadır: “Azərbaycan danışıqlar prosesini ən yüksək səviyyədə aparır və ölkəmiz Avropa İttifaqına daxil olan ölkələrlə birbaşa strateji əməkdaşlıq müqavilələri imzalayır. Avropa İttifaqının özü ilə də münasibətlər ən yüksək səviyyədə təşkil olunub. Qeyd edilən destruktiv qüvvələr səfirliklərə, beynəlxalq təşkilatların Bakıda fəaliyyət göstərən nümayəndəliklərinə müraciət edərək müxtəlif görüşlər keçirir, həmin təşkilatların və səfirliklərin mövqelərini təhrif edərək öz maraqları baxımından təqdim edir. Bu qüvvələr belə təxribatçı addımlar atmaqla Azərbaycanın həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə münasibətlərini gərginləşdirmək məqsədi güdür”.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar obyektiv mövqe nümayiş etdirmək və düzgün fikir söyləmək üçün kifayət qədər imkanlara malikdir: “Ancaq bu destruktiv qüvvələr beynəlxalq təşkilatların və səfirliklərin adlarından bəyanatlar verməklə və onların mövqelərini öz mövqelərinə süni şəkildə uyğunlaşdırmaqla Azərbaycan vətəndaşlarında ölkəmizin beynəlxalq əlaqələri ilə bağlı yanlış fikir formalaşdırmağa, onları çaşdırmağa çalışırlar. Həmin qüvvələr bilməlidirlər ki, bütün bunlar təxribatdır və biz buna qarşı çıxırıq. Görünən odur ki, destruktiv qüvvələr yeni taktika seçiblər. Həmin qüvvələr qanunun aliliyi və demokratiyanın, insan haqlarının beynəlxalq təşkilatlarda və müxtəlif qurumlarda ali dəyərlər kimi müdafiə olunması zəminindən istifadə edərək öz mövqelərini ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların mövqeləri kimi təqdim etməyə cəhd göstərirlər. Onlar Azərbaycan vətəndaşını çaşdırmaqla qeyri-qanuni addımlar atırlar. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Destruktiv qüvvələr də məhz həm Avropa İttifaqında, həm Avropa Parlamentində, həm də Avropa Şurasında bu münasibətlərin daha da inkişaf etdirilərək yeni müstəviyə qaldırılmasını görərək və bunu qəbul etməyərək bu cür təxribatlara əl atırlar. Həmin beynəlxalq təşkilatlar və ölkəmizdəki səfirliklər onların adlarından çıxış edən, mövqelərini təhrif edən destruktiv qüvvələrin bu cür təxribatçı addımlar atmaqla Azərbaycanın münasibətlərinə xələl gətirməyə cəhd göstərdiklərini nəzərə almalı və buna qarşı çıxmalıdırlar”.