• SİYASƏT

    14:20 10 may 2019

"Şərq Tərəfdaşlığı"nın 10 illiyi ilə bağlı Brüsseldə keçiriləcək tədbirlər proqramının gündəliyi açıqlanıb

13-14 may tarixlərində "Şərq Tərəfdaşlığı"nın 10 illiyi ilə bağlı Brüsseldə keçiriləcək tədbirlər proqramının gündəliyi açıqlanıb.

ONA-nın Avropa İttifaqının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi münasibətilə Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Aİ-yə üzv dövlətlərin və tərəfdaşlığa üzv altı ölkənin və maraqlı tərəflərin iştirakı ilə Brüsseldə yüksək səviyyəli toplantılara sədrlik edəcəklər.

Mayın 13-də Aİ-nin ali nümayəndəsi Federika Moqerininin sədrliyi ilə Aİ-yə üzv 28 ölkə və “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirlərinin illik toplantısı keçiriləcək.

Toplantıda 2020-ci ilədək hazırlanan iddialı "20 Nəticə" layihəsi çərçivəsində əldə olunan irəliləyişlər müzakirə olunacaq.

Mayın 13-də axşam Aİ-nin prezidenti D.Tusk "Şərq Tərəfdaşlığı"na üzv ölkələrin dövlət və hökumət başçılarının şərəfinə ziyafət təşkil edəcək. Ziyafətdə Polşanın və İsveçin keçmiş xarici işlər nazirləri və "Şərq Tərəfdaşlığı" layihəsinin təşəbbüskarları olan Radosłav Sikorski və Karl Bildt də iştirak edəcəklər.

Paralel olaraq "Bozar" Brüssel İncəsənət Mərkəzində "Birlikdə Yaratmaq" adlı konsert proqramı olacaq. Konsertdə tanınmış Brüssel Caz Orkestri və "Şərq Tərəfdaşlığı" ölkələrindən musiqiçiləri çıxış edəcək.

Mayın 14-də Avropa Komissiyasının “Charlemagne” binasında prezident Yunkerin sədrliyi ilə yüksək səviyyəli konfrans keçiriləcək. Konfransda "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları, Aİ-yə üzv dövlətlərin xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər və jurnalistlər iştirak edəcəklər.

Konfransda həmçinin ali nümayəndə Federika Moqerini, Avropa Genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han və Avropa ticarət məsələləri üzrə komissarı Sesilia Malmström iştirak edəcək.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR