Bakıda "Avropanın gələcəyi və “Şərq tərəfdaşlığı”nın 10 illiyi" adlı beynəlxalq konfrans keçirilib.
ONA-nın xəbərinə görə, konfransda “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində son 10 ildə qazanılmış nailiyyətlər və onun perspektivləri müzakirə olunub.
Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində son on ildə qazanılmış nailiyyətlərin müzakirəsi onun reallaşdırılmasının davamı baxımından əhəmiyyətlidir.
Sonra Litvanın sabiq xarici işlər naziri, bu ölkənin Rusiyadakı keçmiş səfiri Viqaudas Uşatskas “Şərq tərəfdaşlığı” proqramının yaradılmasının əsas məqsədlərindən danışıb. Diqqətə çatdırıb ki, proqram Avropanın qonşuluq siyasəti adlanan platformanın davamı olub. Avropa İttifaqı bununla ətrafındakı ölkələrlə dostluq niyyətini təsdiq edib.
“Şərq tərəfdaşlığı” proqramının əsas məqsədlərindən biri proqramda iştirak edən dövlətlərlə müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda əməkdaşlığın dərinləşdirilməsidir. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının qonşu dövlətlərlə mühüm qonşuluq əlaqələrinin inkişaf etdirilməsidir”, - deyə o bildirib.
Avropa İttifaqını Rusiya ilə münasibətlərinə toxunan Uşatskas “Şərq təfədaşlığı” proqramının əsası qoyularkən Rusiyaya bu əməkdaşlığa qoşulmaq təklif olunsa da Kreml bunu rədd edib.
Litvalı keçmiş nazir hazırkı Aİ-Rusiya münasibətlərinin soyuqluğuna diqqət çəkərək bunun əsas səbəbinin Kremlin aqressiv xarici siyasətindən qaynaqlandığını qeyd edib.
Beynəlxalq Qara dəniz Universitetinin assosiativ professoru Georgi Mçedlişvili (Gürcüstan) deyib ki, Gürcüstanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində məqsədi Avropa İttifaqının tamhüquqlu üz ölkələrin sırasına qoşulmaq olub.
“Gürcüstanda buna əngəl olmaq istəyən qüvvələrin, həmçinin kənardan təzyiqlərin olmasına baxmayaraq, ölkəmiz Avropa ailəsinə üzv olmaq yolunda inamla addımlayır,”-deyə Mçedlişvili sözlərinə əlavə edib.
On ilin ölkəsi üçün islahatlar və dəyişikliklər dövrü olduğunu deyən gürcü professor qeyd edib: “Ötən on il ərzində gürcü cəmiyyəti daha çox avropalı kimi düşünməyə başlayıb, bu ölkədə “Şərq tərəfdaşlığı” üzrə Avropa məktəbi fəaliyyət göstərir, Gürcüstanın proqrama qoşulduğu gün isə Avropa Günü kimi qeyd edilir”.
Beynəlxalq münasibətlər üzrə Kral İnstitutu Akademiyasının üzvü Zaur Şiriyev (Azərbaycan) qeyd edib ki, 10 ildə Azərbaycan cəmiyyətində transformasiya prosesi baş verib, Avropa İttifaqı ölkələrinin Azərbaycana marağı xeyli artıb.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişlə bağlı müzakirələr başa çatmaq mərhələsindədir: “Bir çox sahələrdə, xüsusən kənd təsərrüfatı, vətəndaş cəmiyyəti üzrə müxtəlif layihələr həyata keçirilib. Düşünürəm ki, bu proses gələcəkdə də davam edəcək”.
Yunanıstanın Avropa və Xarici Siyasət Fondunun prezidenti, professor Lukas Tsukalis “Şərq tərəfdaşlığı” proqramını özünü doğruldan iddialı siyasi eksperiment adlandırıb. O, həm Avropa zonası, həm də proqramda iştirak edən ölkələrdə böhranlardan, risklərdən və yeni çağırışlardan bəhs edib.
Konfrans iştirakçıları Avropa İttifaqının üzləşdiyi çətinliklər - Breksit, sağ yönümlü partiyaların seçkilərdə səs qazanması populizmin artması kimi məsələləri də müzakirə edərək onların həll yolları barədə danışıblar.
Konfransın sonunda siyasi ekspertlər auditoriyanın suallarını cavablandırıb.