Aİ Brüsseldə "Şərq Tərəfdaşlığı"nın 10 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama yayıb.
ONA-nın Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, açıqlamada qeyd edilir ki, bu layihə ümumi dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratiya və qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəetməyə, o cümlədən korrupsiyaya qarşı mübarizə, davamlı inkişaf və bazar iqtisadiyyatına əsaslanır.
Bildirilir ki, "Şərq Tərəfdaşlığı" siyasəti birgə məsuliyyət, inklusivlik, fərqləndirmə prinsipləri ilə tənzimlənir və birgə prioritetləri rəhbər tutur.
Qeyd edilir ki, 10 illiklə bağlı bu görüş Aİ və digər altı ölkənin bu tərəfdaşlığının kökündə dayanan dəyərlər və prinsiplərə sadiqliyinin və "Şərq Tərəfdaşlığı" Sammitlərində qəbul olunmuş bəyannamələrdə təsbit edilmiş birgə öhdəliklərin təsdiq edilməsinə və onların inkişaf etdirilməsinə imkan yaradır.
Açıqlamada vurğulanır ki, illər ərzində "Şərq Tərəfdaşlığı" səmərəli, möhkəm, uyğunlaşdırılmış və dinamik bir format olduğunu sübut edib: " Bu siyasət qarşılıqlı faydalı əlaqələri gücləndirməyə xidmət edib. 2009-cu ildən bu günədək "Şərq Tərəfdaşlığı" ikitərəfli və çoxtərəfli əlaqələrin daha da dərinləşməsi üçün güclü zəmin yaradıb. "Şərq Tərəfdaşlığı" əməkdaşlıq sahələrini inkişaf etdirib, davamlı şəkildə genişləndirib, iqtisadi inteqrasiyanı və Aİ ilə tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsini sürətləndirib. Artan ticarət, iqtisadi inteqrasiya və Aİ ilə tərəfdaş ölkələr arasında siyasi birliyin, iqtisadi inteqrasiyanın və sektoral əməkdaşlığın gücləndirilməsi kimi əldə olunmuş nailiyyətlər gələcəkdə qarşılıqlı maraqlara, ehtiyaclara, birgə prioritetlərə və davamlı islahatların həyata keçirilməsinə əsaslanan irəliləyişlər üçün təkan verəcək. Biz gələcək əməkdaşlıqğımızın gündəliyi, xüsusən də növbəti "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq və bu hazırlıqların vaxtında tamamlanmasını təmin etmək məqsədilə hərtərəfli və geniş məsləhətləşmə proseslərini davam etdirməliyik".