“Həqiqətən də Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan artıq praktik olaraq bütün regional məsələlərin əsas iştirakçısıdır və regionda strateji əhəmiyyətli bütün layihələr həm onun razılığı, həm də iştirakı olmadan gerçəkləşdirilə bilmir”.
Bunu ONA-ya açıqlamasında Prezident İlham Əliyevin mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışına münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva söyləyib.
S.Fətəliyeva deyib ki, hazırkı inkişaf mərhələsində Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqe tutan dövlət kimi çətin və hətta mürəkkəb geosiyasi şəraitdə öz müstəqil siyasətini aparır. Bu sahədə əsas diqqət ölkənin ərazi bütövlüyünün tezliklə bərpasına, regionda təhlükəsizlik və sabitliyin güclənməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, avroatlantik strukturlar və Avropa institutları ilə əməkdaşlığa yönəldilib: “Eyni zamanda Azərbaycan iqtisadi baxımından böyük və hiss olunacaq yüksəkliklərə çatıb, yoxsul ölkələr üçün donor-ölkə olub, inamla, müstəqil sərbəst siyasət apararaq, regional lider kimi qəbul edilib. Bu da bizi «istəməyənləri» sevindirə və göz qabağında olan uğurlarımıza “bədxahlıqla yanaşan” qeyri-dostları narahat etməyə bilməz. Məhz buna görə də ölkəmizə qarşı informasiya müharibəsi aparılır, ölkəmizə dair məlumatları saxtalaşdırmağa cəhd edirlər, daha aydın ifadə etsək, bizə qarşı “hibrid müharibə” həyata keçirirlər. «Hibrid müharibə»nin ənənəvi müharibədən əsas fərqlərindən biri müasir informasiya texnologiyalarının imkanlarının geniş istifadəsidir. Bacarıqlı əllərdə onlar düzgün informasiyanın qərəzli təhrif edilməsi vasitəsi, tarixin saxtalaşdırılması, bilərəkdən yalan məlumatların yayılması, uydurma «faktların» ortaya atılması, eləcə də ən çirkin sosial texnologiyaların istifadəsi mənbəyinə çevrilir. Bizim dövrümüzdə informasiya məkanı getdikcə daha çox döyüş əməliyyatlarının aparılması üçün meydan kimi nəzərdən keçirilir. Müasir münaqişələrin başlıca məqsədi isə rəqib üzərində informasiya üstünlüyünün qazanılması və qorunub saxlanılmasıdır. İnformasiya müharibəsi öz mahiyyətinə görə «hibrid müharibə»nin başlıca elementidir. O, daimi dezinformasiya, psixoloji təsir, informasiya hücumlarına əsaslanır. İnformasiya üstünlüyü müasir münaqişələrdə qələbə qazanmağın zəruri şərtidir. Lakin informasiya müharibələri dinc dövrdə də aparılır. Psevdoinformasiyanın daşıyıcıları qismində informasiya domenləri çıxış edə bilər. İnformasiya domenlərinə radio, yerüstü, kabel və peyk televiziyası, mətbuat, internet, sosial şəbəkələr, axın videolar, mobil telefonlar, ictimai təşkilatlar və şayiələr aiddir. Kütləvi informasiya və kommunikasiya vasitələri, internet qlobal informasiya şəbəkəsi, açıq informasiya resursları zəruri olduqda ictimai rəyin manipulyasiyası, dezinformasiya və hədəf ölkə ictimaiyyətində yanlış fikrin yaradılması məqsədilə fəal istifadə edilir. Azərbaycan qonşu Ermənistan tərəfindən bu cür hallarla dəfələrlə qarşılaşıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı hərbi əməliyyatlardan başqa informasiya-psixoloji əməliyyatlar da tətbiq edilib”.
Deputat qeyd edib ki, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmənin törədilməsini gizlətmək üçün Ermənistan informasiya müharibəsi, təşviqat və dezinformasiyaya əl atır, öz çirkin niyyətini müxtəlif bəhanələrlə və Azərbaycana atdığı böhtanlarla gizlətməyə çalışır: “Erməni dairələri və ölkəmizə qarşı təzyiq etmək üçün səbəb axtaranlar, inkişafımıza qısqanclıqla yanaşanlar, birbaşa və dolayısı ilə maddi və digər dəstək alan destruktiv müxalifət qüvvələrini də bu işə cəlb edir. Son zamanlar Azərbaycana qarşı başlanmış bu «hibrid müharibə»yə çox təəssüflər olsun ki, xaricdə yaşayan bəzi azərbaycanlılar da qoşulub və bu minvalla xəyanət yolunu tutublar. Onlar internet məkanında getdikcə daha çox peyda olur, iğtişaş və itaətsizliyə daha fəal şəkildə çağırışlar edir, ölkənin ünvanına və hökumətə qarşı əsassız iddiaları daha sərt şəkildə irəli sürərək, ümumi qəbul edilmiş ədəb sərhədlərini keçərək, təhqirlərə qədər alçalırlar. Çox zaman onlar özlərini “Vətən oğulları”, “vətənpərvərlər” adlandıraraq, Vətəndən kənarda, ölkəyə qarşı düşmənlə eyni mövqe sərgiləyirlər ki, bu da onların bu cür mənfi fəaliyyətinin mahiyyətini tamlığını özündə əks etdirir. Ölkəmiz əzəldən müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olmuş, müxtəlif millət və konfessiyaların nümayəndələri əsrlər boyu onun ərazisində tam sülh və mütləq razılıq şəraitində yaşayıblar. Biz dünya ictimaiyyəti tərəfindən tanınmış din azadlığı, tolerantlıq və multikulturalizm nümunəsiyik. Buna görə də erməni təşviqatının Azərbaycanda yaşayan xalqları bir birinə qarşı qoymaq cəhdləri heç vaxt perspektivə malik olmayıb, olmayacaq da. Erməni saxtakarlarının Azərbaycanın çoxsaylı xalqlarını guya ki, azərbaycanlı əksəriyyət tərəfindən təqiblərə məruz qalmalarına əmin etmək cəhdləri də nəticə verməyəcək! «Dənizdən dənizə böyük Ermənistanın» yaradılması ideyasının daşıyıcılarının – «Dünya erməniləri» adlı radikal ideologiya adeptlərinin törətdiyi saysız vəhşiliklər haqqında informasiya Azərbaycanın çoxsaylı xalqlarının yaxın keçmişinin tarixi yaddaşında çox yaxşı qalıb. Onların törətdiyi faciələr, saxta tarix yaratmaq cəhdləri bütün dünyaya məlumdur. Azərbaycan qətiyyətli mövqeyi, milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təzyiq bizi qorxutmur, çəkindirmir. Çünki bizlər müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk. Bunun üçün hər birimiz bu gün ayıq-sayıq olmalı, ölkəmizə qarşı həyata keçirilən informasiya müharibəsində üstünlüyü əldən verməməliyik”.