• SİYASƏT

    13:44 14 may 2019

Siyasi ekspert: "Zelenskinin hakimiyyəti fəlakətlə də yekunlaşa bilər, fantastik uğurla da" - MÜSAHİBƏ

Avropa İttifaqının Brüsseldə fəaliyyət göstərən nüfuzlu “beyin mərkəzləri”ndən biri olan Avropa Siyasət Mərkəzinin tədqiqatçısı Amanda Paulun ONA-ya müsahibəsi

- 23-26 may tarixlərində Avropa Parlamentinə seçkilər keçiriləcək. Avropa siyasi qurumları daxilində ümumi narahatlıq var ki, bu seçkilərdə sağçı partiyalar əvvəlki seçkilərlə müqayisədə daha çox yer tutacaqlar. Avropa İttifaqının bəzi ölkələrində keçirilmiş yerli seçkilərdə bu partiyalar artıq yaxşı nəticələr əldə ediblər...

- Düşünürəm ki, formalaşacaq yeni Avropa Parlamentinin bir çox gələcək üzvlərinin millətçi və ultra-sağçı partiyalardan olacağı riski var. Bəziləri deyirlər ki, parlamentin üçdə birini faktiki olaraq millətçi və ya ultra-sağçı qruplardan olan üzvlər təşkil edə bilər. Bu, çox yeni və eyni zamanda çox mənfi bir hal olardı. Bu parlamentdə qərarların qəbul edilməsinin bir çox elementinə, məsələn, müəyyən komissarların təyinatına, beynəlxalq ticarət sazişlərinin ratifikasiyasına, Avropa İttifaqının büdcəsinin ratifikasiyasına və ya razılaşdırılmasına təsir edə bilər. Beləliklə, parlamentdə yerlərin üçdə biri onlara kifayət edir ki, böyük təsirə malik olsunlar.

- Bu partiyaların populyarlıq qazanmasının səbəbləri nədir?

- Düşünürəm ki, biz bunu bir sıra müxtəlif aspektlərdən nəzərdən keçirə bilərik. Mən onların yalnız ikisindən bəhs edəcəyəm. Birinci məsələ birbaşa Aİ-nin davamlı genişlənməsi ilə bağlıdır. Avropa İttifaqı daha da böyüdü, lakin dərinləşmədi, əhali ilə həqiqi ünsiyyət qura bilmədi, siyasi elita ilə xalq arasında əlaqə yaranmadı. Beləliklə, əhalini arxada qoydular. Bu bir elementdir.

Digər bir element Avropa İttifaqının üzləşdiyi müxtəlif böhranlar, məsələn, Aİ-yə öz ciddi təsirini göstərən avrozona böhranı və miqrasiya böhranı ilə bağlıdır. Məsələn, Yunanıstan kimi bəzi ölkələr çox sərt qənaət tədbirləri qəbul etməyə məcbur edildi ki, bu da vətəndaşların əks-reaksiyası ilə nəticələndi. Ultra-sağçılar isə qaçqınları qəbul edən ölkələrin hakim elitalarını bədnam etmək üçün miqrasiya böhranından istifadə etdilər.

- Bu gün beynəlxalq siyasətdə ən çox müzakirə olunan mövzulardan olan “Brexit” barədə soruşmaq istərdim. Avropa İttifaqının və Britaniyanın nəhayət ki, razılığa gələcəyini gözləyə bilərikmi?

- Birincisi, Avropa İttifaqı və Birləşmiş Krallıq artıq razılığa gəliblər. Britaniya ittifaqdan çıxmasına dair saziş planını Aİ ilə müzakirə edib. Baş nazir Tereza Mey və Britaniyanın əsas təmsilçisi bu müzakirələrdə iştirak edib. Problem Aİ-də deyil. Problem britaniyalılarla bağlıdır. Çünki Britaniya hökuməti və parlamenti necə irəliləyəcəklərinə dair qərar verə bilmirlər. Mühafizəkarlar və Leyboristlər daxilində ingilis siyasətini qütbləşmə səviyyəsində parçalayan bölünmələr və parçalanmalar var. Parlament üzvləri, əlbəttə, nəyi istəmədiklərini bilirlər, lakin onlar nəyi istədiklərini yekdilliklə qəbul edə bilmirlər.

Aİ artıq aydın şəkildə deyib ki, əldə edilmiş razılaşma yenidən açıla bilməz, bu razılaşmadan daha yaxşısı ola bilməz. Bir çox “Brexit” tərəfdarlarının problemi ondadır ki, onlar İttifaqı tərk etmək istəyirlər, lakin eyni zamanda Aİ-yə üzv olarkən əldə etdikləri imtiyazları da itirmək istəmirlər, məsələn, vətəndaşların sərbəst hərəkəti olmadan vahid Avropa bazarına giriş. Təbii ki, bu baş verməyəcək. Bu məsələni artıq Böyük Britaniya özü həll etməlidir, çünki Avropa İttifaqı artıq davam edən bu dramdan yorulub. Buna görə də Britaniyanın Aİ-dən 29 martda çıxışı təxirə salınaraq, oktyabr sonuna təyin olundu. Aİ ümid edir ki, Britaniya özü bu məsələni həll edə biləcək, çünki bu qeyri-müəyyənlik Aİ üçün də çox arzuolunmazdır. Lakin hazırda inanmıram ki, kimsə razılaşmanın necə olacağını bilir, ola bilər ki, oktyabrın sonunadək heç bir razılaşma olmasın.

Mən britaniyalıyam və “Brexit”in tərəfdarı deyiləm. Hesab edirəm ki, “Brexit” Böyük Britaniya üçün bir fəlakətdir, lakin çox təəssüf ki, ölkədə çox insanlar hələ də buna inanmır. Onlar Naycel Faraj kimi şəxslərin yaratdığı fantaziya dünyasında yaşayırlar. Təbii ki, on illiklər ərzində Aİ əleyhinə aparılan dezinformasiya və təbliğatın da bu məsələdə öz rolu olub. Aİ-nin Böyük Britaniyaya gətirdiyi bir çox faydalara baxmayaraq, siyasətçilər və digərləri keçən onilliklər ərzində bunu dəyərləndirməyiblər.

Bu günədək Mühafizəkarlar Partiyasının daxilində və xaricində bu məsələ ilə bağlı hökm sürən fərqli baxışlar arasında necə körpü yaradılacağı və razılıq əldə ediləcəyi aydın deyil. Bilirsiniz, onlardan bəziləri çox populistdir və Britaniyanın gələcək idarəçiliyi üçün onların çoxunun öz siyasi məqsədləri və gündəmləri var. Böyük Britaniya gələcəklə bağlı uzun müddətdir davam edən qeyri-müəyyənlikdən əziyyət çəkir.

- Bütün bu proseslər Britaniyanın bütövlüyünə təsir edə bilərmi? Çünki Şotlandiyanın baş naziri bu yaxınlarda bildirdi ki, müstəqilliklə bağlı ikinci bir referendumun keçirilməsini dəstəkləyəcək, həmçinin Şimali İrlandiya ilə bağlı qeyri-müəyyənliklər var...

- Bəli, Nikola Störgeon bildirdi ki, ikinci referendum ola bilər. Biz bilirik ki, ilk referendum uğursuz oldu. Lakin həmin vaxt fərqli idi və “Brexit” masada danışıqlar mövzusu deyildi. “Brexit”lə bağlı referendumda şotland xalqı, demək olar, Aİ-nin tərkibində qalmağa səs verdi. Beləliklə, düşünürəm ki, mövcud vəziyyət şotlandları qane etməsə, ikinci referendumun keçirilməsi mümkündür və bu onların müstəqillik qazanması ilə nəticələnə bilər. Müstəqillik müsbət nəticə olsa da, ən azı iqtisadi səbəblərə görə olduqca risklidir. Şotlandiya Vestministerdən aslıdır. Şotlandiya Aİ-yə üzvlüyünü qəbul ediləcəyinə əmin olmalıdır. Ölkə digər potensial üzvlər kimi, üzvlük üçün müraciət etməlidir. Əgər mən Nikola Störgeon olsaydım, Aİ tərəfindən məsələyə aydınlıq gətirməyi tələb edərdim. Çünki onlar müstəqil Şotlandiyanı üzv kimi qəbul edəcəklərinə aydınlıq gətirməlidirlər. Digər risk ondan ibarətdir ki, əgər Şotlandiya ayrılsa, Şimali İrlandiya da ayrılmaq istəyəcək və s.

- Ukrayna özünə yeni prezident olaraq Zelenskini seçdi. O, ölkə siyasətində tamamilə yeni bir siamdır. Yeni prezidentin necə bir siyasi xətt yürüdəcəyi maraqlıdır. Bununla bağlı hər hansı bir proqnozunuz varmı?

- Cənab Zelenskinin siyasətdə təcrübəsi yoxdur. Hazırkı vəziyyətə səbəb o deyil ki, hər kəs Zelenskini sevir. Əsas səbəb odur ki, Ukrayna vətəndaşı mövcud siyasi elita tərəfindən aldadıldığını və xəyanətə uğradığını hiss edir. Əhali inanır ki, ölkə illər ərzində korrupsiya və cinayət fəaliyyətləri nəticəsində müflis edilib. Cənab Poroşenko bir çox vacib və müsbət addımlar atsa da, ukraynalıları məyus edib. Maydan hərəkatından sonra verdiyi vədlərə və qarşıya qoyduğu məqsədlərə tam əməl edə bilməyib. Buna korrupsiya və oliqarxiyanın ləğv edilməsi və müstəqil məhkəmə sisteminin yaradılması da daxildir. Ukraynada oliqarxiya hələ də mövcuddur və fəaliyyətini davam etdirir. Beləliklə, əhalinin cənab Zelenskidən böyük gözləntiləri var. Hər kəs onun hakimiyyətə gəldikdən sonra nə edəcəyini gözləyir. Əsas önəmli məqam bundan ibarətdir ki, Zelenskinin çox güclü müşavir və məsləhətçi heyəti var və o, hakimiyyətdə olan əsas vəzifələrə, məsələn, Təhlükəsizlik Şurasının sədri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri kimi vəzifələrə həqiqətən etibarlı şəxsləri gətirəcək. O, keçmişin siyasi elitasına, eləcə də Viktor Yanukoviçə bağlı şəxslərlə əlaqələr qurmamalıdır.

Aydındır ki, cənab Zelenski ilə daha yaxından tanış olan oliqarx İqor Kolomoyskidir. Buna görə də önəmlidir ki, o, heç bir halda Kolomoyski ilə əlaqəli olmasın. Əgər bu baş versə, o, etibarını səlahiyyətlərinin icrasına başlamadan öncə itirəcək. Düşünürəm ki, o, Poroşenkonun yarıda buraxdığı bəzi məsələləri tamamlamalıdır. Buna xarici və təhlükəsizlik siyasəti, Avroatlantik inteqrasiya, Rusiya ilə münasibətdə sərt mövqedə olmaq üçün lazımi islahatların keçirilməsi daxildir. Həmçinin Donbasdakı münaqişə ilə məşğul olmaq da böyük problem olacaq. Buna görə də biz gözləməliyik. Zelenskinin hakimiyyəti fəlakətlə yekunlaşa bilər, lakin eyni zamanda fantastik uğur da əldə edə bilər. Mən düşünmürəm ki, o, axmaq adamdır. O, öz üzərində çalışan biridir və bildiyimiz qədərlə korrupsioner deyil. Biz öz işlərini görmək üçün ona lazım olan ehtiramı göstərməliyik.

- Kremlin son addımı – Donbas sakinləri üçün Rusiya pasportlarını əldə etmə prosesinin sadələşdirilməsi ilə bağlı nə deyə bilərsiniz? Bu, Zelenski üçün bir siqnaldırmı?

- Baxın, mən rusların bunu etdiyinə təəccüblənmədim. Çünki, onlar aydındır ki, Zelenskini sınayırlar. Belə ehtimal edirəm ki, bir neçə həftə bundan əvvəl Kreml düşünürdü ki, Zelenski asan hədəfdir, onu asanlıqla manipulyasiya edə və onun təcrübəsizliyini istismar edə biləcəklər. Beləliklə, o, yeni prezident kimi gəldikdən sonra onu sınamağa çalışırlar.

Ruslar öz pasportlarını paylamağı xoşlayırlar. Onlar rus pasportuna sahib olmaq istəyən, demək olar, hər kəsə bu pasportdan verirlər. Daha sonra bu yeni rus vətəndaşlarını öz siyasi məqsədləri üçün istifadə edirlər. Onlar bunu Gürcüstanın işğal olunmuş ərazilərində və Krımda da ediblər. Beləliklə, mən bunun təəccüblü olduğunu düşünmürəm. Düşünürəm ki, Zelenskinin cavabı çox yaxşı və çox sərt oldu. Çox güman ki, ruslar bunu gözləmirdi və bu müsbət bir haldır. Mən növbəti həftələrdə və aylarda rusların Zelenskinin üzərinə təzyiqləri artıracağını gözləyirəm.

- Ukrayna və Gürcüstanın NATO-ya üzv qəbul olunması məsələsi ilə bağlı nə deyə bilərsiniz? Onlar üçün bir ümid varmı?

- Hesab edirəm ki, biz Ukrayna və Gürcüstanı fərqləndirməliyik. Çünki Gürcüstan Monteneqro qədər NATO-ya qoşulmağa hazırlıqlıdır. Ancaq problem NATO-nun Gürcüstanı qəbul etməyə hazır olmamasıdır. NATO-nun nə vaxtsa Gürcüstanı qəbul etməsi sual olaraq qalır. Ancaq NATO avtomatik olaraq Gürcüstan və Ukraynaya üzvlük vəd edib.

Mənim üçün Gürcüstanı NATO-ya qəbul etmək vacibdir, əks halda, Rusiyanın NATO-nun genişləndirilməsinə veto qoyması təəssüratı yaranacaq. Ukrayna isə bu məsələdə Gürcüstandan çox geridədir. Hər iki ölkənin nailiyyətləri müqayisəolunmazdır. Gürcüstan NATO-nun tələblərini lazım olandan artıq dərəcədə yerinə yetirib. Gürcüstan Suriyaya əsgər göndərib, Əfqanıstanda böyük missiyası var. Gürcüstan əsgərləri Avroatlantik təhlükəsizliyi qorumaq üçün həyatlarını itiriblər.

- Türkiyə Rusiyadan S-400 sistemini almağı planlaşdırır, bu da Türkiyə və ABŞ arasında gərginlik yaradıb. Bu iki NATO müttəfiqinin gələcək münasibətləri barədə nə deyə bilərsiniz?

- Türkiyə və ABŞ çətin bir mərhələdən keçir. Türkiyənin S-400 sistemlərini Rusiyadan alması ABŞ-ı narahat edir. Ancaq eyni zamanda Vaşinqtonun uzun zaman sadiq müttəfiqi olan Türkiyə Vaşinqtonun Suriyada PYD ilə əməkdaşlıq etməsini xəyanət kimi qəbul edir. Mən düşünürəm ki, hər iki tərəf bu çətinlikdən çıxmaq üçün çıxış yolu axtarır. Buna nail olmaq o qədər də asan görünmür. Düzünü desək, gəlin, nə olacağını gözləyək və görək. Bəzən problemlər son anda həll oluna bilər, ancaq demək istərdim ki, hər iki tərəfdə bir-birinə olan inam sarsılıb və bunu da bərpa etmək asan olmayacaq. Ancaq əlbəttə ki, Türkiyə tezliklə NATO-nu tərk etməyəcək. Niyə etsinlər ki?

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR