“Azərbaycan Respublikasının Prezidentinin hüquqları qanunla qorunur. Bununla belə, mən təklif edirəm ki, Prezidentin hüquqları Ombudsman tərəfindən də qorunsun. Bu məsələyə diqqət yetirilməlidir”.
ONA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, ölkə hüdudlarından kənarda yaşayan bir qrup insan Azərbaycanda dövlət çevrilişinə cəhd etmək istəyir, öz fəaliyyətlərini şər və təhqir üzərində qurub: “Qanundan qaçan, ölkə hüdudlarından kənarda yaşayan bu adamlar nə qanuna, nə ictimaiyyətin fikirlərinə, nə də milli-mənəvi dəyərlərə baxırlar. Buna görə də təklif edirəm ki, Ombudsman həmin insanların məskunlaşdıqları ölkələrdəki həmkarlarına bu haqda məlumat versin, bu məsələni onların diqqətinə çatdırsın”.