Bu gün Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasın (AŞPA) yaradılmış xüsusi komitənin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
ONA xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, Bahar Muradova ölkəmizin Avropa Şurası ilə əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, ümumi dəyərləri bölüşdüyümüzü diqqətə çatdırıb.
Vitse-spiker AŞPA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün xüsusi komitə yaratmasının ölkəmizdə alqışlandığını qeyd edib: “Qarşıdakı parlament seçkiləri və onun AŞPA tərəfindən müşahidə olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İntensiv qarşılıqlı səfərlər, bu səfərlər zamanı aparılmış müzakirələrin nəticəsi ölkəmizə dair hazırlanacaq məruzədə öz əksini tapacaq”.
Söhbət zamanı qonaqların qarşıdakı parlament seçkilərinə dair sualları cavablandırıldı, seçkiöncəsi siyasi vəziyyətə dair bir sıra məsələlərə aydınlıq gətirilib.
Görüşdə Milli Məclisin deputatları Sahibə Qafarova, Sevinc Fətəliyeva, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş və digər rəsmi şəxslər iştirak ediblər.