Gürcüstanla Azərbaycan arasında əlaqələr dostluq, ortaq tarix, ortaq maraqlar və hər şeydən öncə sevgiyə əsaslanır.
ONA-nın Gürcüstan bürosunun sözlərinə görə, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə Azərbaycanın Respublika günü və Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 100-cü ildönümü münasibəti ilə keçirilən rəsmi qəbulda deyib. Prezident bildirib ki, xalqlar arasında mövcud olan isti və sıx əlaqələr ölkələri də birləşdirir və bu, region üçün çox önəmlidir:
“Bu həm də ona görə vacibdir ki, Qafqaz stabil bir region olub və olacaq. Bəlkə də bu, kimlərəsə xoş deyil və ona görə də bəzi məsələləri manipulyasiya etməyə çalışırlar. Bu günlər biz bunun şahidi oluruq”, - deyə S.Zurabişvili qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan səfiri Dursun Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından və 23 aylıq həyatı boyunca gördüyü mütərəqqi işlərdən bəhs edib. Bildirib ki, hələ AXC dövründən iki ölkə arasında mehriban qonşuluq və dostluq əlaqələri mövcud olub. D.Həsənov tarixən mövcud olan əlaqələrin bu gün də Azərbaycan tərəfindən davam etdirildiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında iki dövlət arasında çoxşaxəli əlaqələrin sürətlə dərinləşdirildiyini və möhkəmləndirildiyini qeyd edib.
ONA-ya müsahibəsində Gürcüstanın XİN rəhbəri David Zalkaliani də bildirib ki, iki ölkə arasında tarixən qardaşlıq və mehriban qonşuluq əlaqələri mövcud olub. Bu əlaqələrin bu gün də davam etdirilməsi və qorunub saxlanılması prioritet məsələlərdəndir.
Qeyd edək ki, Respublika Günü münasibəti ilə keçirilən rəsmi qəbulda müdafiə naziri Levan İzoria, Marneuli rayonunun meri Zaur Darğallı, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanda yerləşən xarici diplomatik korpusların nümayəndələri, azərbaycanlı və gürcü deputatlar, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qonaqlara Azərbaycan mətbəxinin dolma, plov və.s kimi ləziz təamları, eləcə də milli şirniyyatlar təqdim olunub. Klassik kvaritetin ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” səsləndirilib.