“The Jerusalem Post” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla tanınmış jurnalist Maayan Caffe Hofmanın müsahibəsi əsasında məqalə dərc edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata əsasən, məqalədə beynəlxalq hüququn norma və prinsipləri və bu kontekstdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişələrinə toxunulub.
Qəzetdə Azərbaycanın İsraillə 25 ildən artıqdır ki, dərin ikitərəfli münasibətlərinin olduğu və ölkəmizin İsraili tam olaraq tanıyan və diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindən olduğu qeyd edilir. Səfir vurğulayıb ki, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin illik iclasında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Azərbaycanın İsraillə bu münasibətlərin digər müsəlman dövlətlərinə örnək olması qeyd olunur.
Səfir İsrailin müsəlman dövlətləri ilə daha yaxşı münasibətinin olduğu hazırki vəziyyətdə İordan çayının qərb sahili ilə bağlı anneksiya planlarını həyata keçirməsinin ona zərər verə biləcəyini qeyd edib. Əksinə, digər yolun seçilməsi onun xoş məramından xəbər verər.
Səfir bildirib ki, ölkəmiz beynəlxalq hüquqa zidd gedərək anneksiya planını dəstəkləyə bilməz və bu, İsrail-Fələstin münaqişəsinin Azərbaycan tərəfindən dəstəklənən “iki dövlət” (two state solution) həlli prinsipinə qarşıdır.
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən səfir ölkəmizin beynəlxalq tanınmış ərazilərinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə bu ərazilərin Azərbaycan ərazisi olmasının təsdiqləndiyini bildirir.