Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
Türkiyə Prezidenti sabah Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutur.
Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.