• SİYASƏT

    15:13 4 oktyabr 2020

Türkiyə XİN Gəncənin Ermənistan ordusu tərəfindən atəşə tutulması ilə bağlı bəyanat yayıb

“Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum edərək mülki insanları hədəf alması, onun qanunsuz əməllərinin daha bir təzahürüdür. Bu hücumları qınayırıq”.

ONA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, işğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistan bu hücumları ilə başda Cenevrə Konvensiyaları olmaqla, beynəlxalq hüququn bütün tələblərini pozur: “Bu hücumlar Ermənistanın düşdüyü çarəsiz vəziyyətin və qanunsuz işğalını davam etdirmək üçün insanlığa qarşı cinayətlər törətməkdən geri qalmayacağının sübutudur. Əvvəldən də söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir”.

Bəyanatda Azərbaycanın Ermənistanın bu cür təxribatlarına uymayacağına ümid edildiyi vurğulanıb.

“Mülki əhaliyə zərər dəyməməsi üçün səy göstərən və beynəlxalq hüququn tələbləri çərçivəsində özünümüdafiə hüququndan istifadə edərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mübarizə aparan qardaş Azərbaycanı dəstəkləyirik”, - deyə bəyanatda bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR