• SİYASƏT

    22:00 12 dekabr 2020

Türkiyə XİN: İranda Türkiyə Prezidenti haqqında ağır ifadələrin işlədilməsinə görə rəsmi Tehrana irad bildirilib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın XİN rəhbəri Cavad Zəriflə telefonla danışıb.

APA-nın yerli bürosuna bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, telefon söhbətində İranda Türkiyə ilə bağlı yanlış anlaşılmadan və həqarətdoğurucu açıqlamalardan Türkiyə tərəfi təəssüf hissi keçirib və bu xoşagəlməzliklərlə bağlı irad bildirilib: “Qarabağla əlaqəli olduğunu düşündüyümüz bir şeir və İrana heç bir aidiyyətini sanmadığımız danışıqların bəhanə edilməsi və bu barədə başqa kanallar olduğu halda hörmətli dövlət başçımızın hədəf alınması, onun haqqında ağır açıqlamaların verilməsi qəbuledilməzdir. Bütün bunlar İran tərəfinin diqqətinə çatdırılıb.

Ən çətin günlərində Türkiyənin İranın yanında olmasının unudulması və son açıqlamalarında ağır ifadələrin işlədilməsinin Türkiyədə son dərəcə təəssüf hissi doğurduğu da telefon danışığında qeyd edilib”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeirə və çıxışına İran XİN-də siyasi xarakter verilib, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub. İran mətbuatında Türkiyə Prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc edilib.

Dünən isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR