Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Respublika Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. ONA-nın məlumatına görə, təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Biz Türkmənistanda Azərbaycan Respublikası ilə mehriban qonşuluq, hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan münasibətləri qardaş ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da qarşılıqlı əməkdaşlıq ruhunda durmadan inkişaf edəcək və möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm”.