• SİYASƏT

    15:35 18 dekabr 2019

TürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının 9-cu iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda TürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bununla bağlı rəmzi toxmağı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edərək, onu təbrik edib: “Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrliyini qürur hissi ilə təhvil aldığımı bildirmək istəyirəm. Əmin ola bilərsiniz ki, qarşıdakı dövrdə TürkPA-nın məqsədlərinin həyata keçməsi üçün Azərbaycan tərəfi lazım olan bütün tədbirlərin görülməsinə çalışacaq”.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrliyi qürur hissi ilə təhvil aldığını bildirib: "Əmin ola bilərsiniz ki, qarşıdakı dövrdə TürkPA-nın məqsədlərinin həyata keçməsi üçün Azərbaycan tərəfi lazım olan bütün tədbirlərin görülməsinə çalışacaq”.

O. Əsədov bildirib ki, təşkilatın fəaliyyət göstərdiyi 10 ildən artıq müddət ərzində TürkPA-nın əsas tədbirləri üçüncü dəfədir Bakıda keçirilir: “Ümid edirəm ki, bu gün aparacağımız müzakirələr qarşılıqlı anlaşma və qardaşlıq şəraitində keçəcək”.

Milli Məclisin sədri qeyd edib ki, artıq TürkPA böyük siyasi çəkiyə malik olan nüfuzlu parlament təşkilatına çevrilib: “Siyasi, iqtisadi, mədəni və digər sahələrlə əlaqələrimizin inkişafına TürkPA-nın verdiyi töhfənin ildən-ilə artması təşkilatın fəaliyyətinin səmərəli şəkildə qurulduğunu sübut edir. Qarşıdakı bir il ərzində Türk PA-ya sədrliyi Azərbaycan tərəfinin həyata keçirəcəyi ilə əlaqədar bəzi məqamlara toxunmaq istərdim. Ancaq onu qeyd edim ki, ötən illərdə başlanmış bütün önəmli işlər davam etdiriləcək. Fəaliyyətimizin əsas istiqamətlərini üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması və model qanunların hazırlanması, komissiyaların fəaliyyətinin gücləndirilməsi, parlament aparatları arasında təcrübə mübadiləsi proqramlarının davam etdirilməsi təşkil edəcək. TürkPA-nın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi də önəmli fəaliyyət istiqamətlərindən biri olacaq”.

O. Əsədov nəzərə çatdırıb ki, ötən dövrdə Türk PA-nın beynəlxalq aləmdə tanıdılması üçün bir sıra tədbir həyata keçirilib: “Təşkilatımız dünyanın 179 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Təşkilatında müşahidəçi statusuna malikdir. ATƏT Parlament Assambleyasının fəaliyyətində TürkPA-nın qonaq kimi iştirak etməsi barədə razılıq əldə edilib. Avropa Parlamenti və MDB Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq əlaqələri qurulub. Bundan başqa, TürkPA-nın baş katibi Parlamentlərin Baş Katibləri Assosiasiyasının üzvüdür, bu fakt da təşkilatımızın beynəlxalq nüfuzundan xəbər verir”.

O. Əsədov deyib ki, TürkPA-nın beynəlxalq müşahidəçilər missiyası 9 ildir, üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini müşahidə edir: “Gələn il ölkəmizdə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri də TürkPA missiyası tərəfindən müşahidə ediləcək. Bu baxımdan missiyanın fəaliyyəti növbəti dövrdə də diqqət mərkəzində olacaq”.

Milli Məclisin sədri qeyd edib ki, TürkPA türk dünyasının diasporları arasında əməkdaşlığın inkişafına və bu sahədə müvafiq layihələrin həyata keçirilməsinə dəstək verəcək: “Türk əməkdaşlığı qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusi diqqət mərkəzində olacaq. Əlbəttə, sadalanan bu fəaliyyət istiqamətləri görüləcək işlərin yalnız ümumi cizgilərini müəyyən edir. Bizim fəaliyyətimiz xalqlarımızın əlaqələrinin inkişafı üçün TürkPA-nın iştirakı, köməyi və dəstəyi tələb olunan bütün sahələri əhatə edəcək. Əminəm ki, getdikcə daha mütəşəkkil qüvvəyə çevrilən TürkPA qarşısında dayanın bütün vəzifələri uğurla yerinə yetirəcək və xalqlarımızın problemlərini həll etməyin səmərəli vasitəsinə çevriləcək”.

O. Əsədov TürkPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop başda olmaqla, Türkiyə parlamentinə təşəkkürünü də çatdırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR