Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyanın gündəliyinə aşağıdakı məsələ daxil edilib:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Yusif oğlu Talıbovun müraciətini nəzərə alıb.
Qərara əsasən, Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib.
Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Qərar səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vurub.
"Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq", - o deyib.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.