• SİYASƏT

    10:46 24 aprel 2019

VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb

Moskvada Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə VIII Beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iki gün davam edəcək konfransda qlobal və regional sabitliyik problemləri, Suriya və İraqda stabilliyin bərpası, eləcə də Avropa, Asiya, Afrika və Latın Amerikasında təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunur.

Bundan başqa konfransda raket hücumundan müdafiə, kosmosda silahların yerləşdirilməsi, beynəlxalq sülhməramlılar və hərbi əməkdaşlığa yeni yanaşmalar kimi məsələlərə baxılacaq.

Konfransın işində dünyanın 111 ölkəsindən, o cümlədən MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BMT, ATƏT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edir.

Konfransın açılış mərasimində çıxış edən Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev prezident Vladimir Putinin forum iştirakçılarına məktubunu oxuyub.

Konfransda Rusiya müdafiə naziri Sergey Şoyqu, XİN başçısı Sergey Lavrov və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycanı müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR